Gənc qızın nəşi ailəsinə verilmir ! – “Hippokrat andı unudulub” - Xəstəxana, yoxsa Binə, Sədərək... ?! 

“Həkimlər özlərini alverçi kimi aparırlar"

 “Onlar xəstə yaxınlarına ümid verib, "sağalacaq" deyərək pul alırlar. Bir- iki həftədən sonra isə həm xəstə ölür, həm də ümidlər...”

“Qonşu Türkiyədə onkoloji xəstələr pulsuz müalicə olunurlar. Çünki ölüm ehtimalının 90 faiz olması məlumdur. Həmin təcrübə Azərbaycanda da tətbiq edilməlidir”



Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.
Dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.
Onun anası Elnurə Əsgərova sosial şəbəkədə videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona verilmir:
“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

Məsələ ilə bağlı "Sherg.az"a fikrini bildirən Azərbaycan Demokratik  Partiyasının sədri, məhkəmə- tibbi eksperti Sərdar Cəlaloğlu bildirib ki, bu cür hallar qanunla tənzimlənməlidir:

"Oxşar olay mənim də başıma gəlib. Ümumiyyətlə, belə hadisələr tez- tez olur. Çünki qanunda boşluqlar var. Əgər xəstə həkim qarşısında maddi məsuliyyət daşıyırsa, həkim də xəstə qarşısında hüquqi məsuliyyət daşımalıdır. Daha konkret desək, xəstə sahibi ilə həkimin məsuliyyəti eyni dərəcədə olmalıdır. Bunun üçün isə hüquq sisteminə tibbi normalar əlavə edilməlidir. Həkimlərin belə əməlləri, məsuliyyətsizliyi Cinayət Məcəlləsi ilə tənzimlənməyincə özbaşınalıq davam edəcək".


 
S.Cəlaloğlu özəl xəstəxanaların "əl yandıran" qiymətlərindən də danışdı:

"Özəl klinikalarda qiymətlər astronomik həddədir. Şprisi doldurmaq, iynəni vurmaq, sonra da ora pambıq qoymaq üçün ayrı- ayrı pul istəyirlər. Belə olmaz. Bu, insanların sağlamlığını istismar etmək deməkdir. Hətta xəstənin pulu olmasa da, o, müalicə edilməlidir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin sağlamlıq hüququ var. Hippokrat andı artıq unudulub. İndi özəl xəstəxanalar Sədərək, Binə ticarət mərkəzlərini xatırladır. Çünki həkimlər özlərini alverçi kimi aparırlar". 

 Partiya sədrinin sözlərinə görə, ölümcül xəstəliyi olanlar barədə əvvəlcə xəstə yaxınlarına xəbərdarlıq edilməlidir:

"Xərçəng xəstəliyinin, şəkərin, beyin ölümünün çarəsi yoxdur. Elə isə beyin ölümü keçirən şəxs niyə on gün xəstənada yatırılmalıdır? Çünki özəl klinikaları düşündürən insanların sağlamlığı yox, puldur. Onlar xəstə yaxınlarına ümid verərək, "sağalacaq" deyərək pul alırlar. Bir- iki həftədən sonra isə həm xəstə ölür, həm də ümidlər... Külli miqdarda vəsait da havaya sovrulur. Ona görə də vicdanlı həkim vəziyyəti xəstə yaxınına əvvəlcədən başa salmalıdır. Qonşu Türkiyədə onkoloji xəstələr pulsuz müalicə olunurlar. Çünki ölüm ehtimalının 90 faiz olması məlumdur. Həmin təcrübə Azərbaycanda da tətbiq edilməlidir. Əks halda sağlamlıq hüququmuza qəsdlər davam edəcək".