Hamı başa düşməlidir: “Maskasız həyat geridə qaldı”

“Yaxın gələcəkdə maska həyatımızın ayrılmaz parçası olacaq”

“Sosial məsafə, gigiyena, maska olmadan koronovirusla mübarizə də çətinləşəcək”




“Maskanı qapalı yerlərdə, insanlarla sıx təmasda olan insanlar mütləq şəkildə taxmalıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında “Milli.az” saytının baş redaktoru, siyasi ekspert Anar İmanov deyib. 
A.İmanov bildirib ki, bu məsələlərdə ictimai qınaq mütləq olmalıdır: 

““Mən xəstə deyiləm, niyə taxmalıyam?” kimi suallar verilməməlidir. Bunu deyənlərin əksəriyyəti testdən keçməyib və bilmir ki, sağlamdır, yoxsa yoluxub. Bəzi insanlar yoluxaraq, xəstəliyini simptomsuz keçirir və onlar çox təhlükəlidir. Çünki bilmədən xəstəliyi yayırlar. İnsanlar isə bu məsələyə daha məsuliyyətli yanaşmalıdır. Bununla bağlı Prezident İlham Əliyevin sözlərini xatırlatmaq istəyərdim. İyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra cənab Prezident çıxışında dedi: “Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır”. Bəli, bu məsuliyyətsilik deyil, cinayətdir!”.

A.İmanovun sözlərinə görə, bu hərəkətlər çox sərt formada tənqid olunmalıdır: 

“Sərt cəzalar tətbiq edilməlidir. Bir neçə gün öncə çox gözəl qərar qəbul olunub. Artıq avtobus içində maskasız sərnişin olsa hərəkət etməyəcək. Əfsuslar olsun ki, bu tip qərarlar artıq verilir. Yaxşı olardı ki, maskasız gəzən insanlar ictimai qınaqdan, pul cərimələrindən başqa evdən müəyyən müddətdə - məsələn gün ərzində buraxılmasın. Məsuliyyətsiz davranan insanlar bəlkə onda anlayarlar ki, onların hərəkətləri başqaları üçün təhlükəlidir. Hamı başa düşməlidir ki, artıq maskasız həyat geridə qaldı. Yaxın gələcəkdə maska həyatımızın ayrılmaz parçası olacaq. Sosial məsafə, gigiyena, maska olmadan koronovirusla mübarizə də çətinləşəcək”.