Qardaşlığımızın növbəti bariz nümunəsi: Sürücülük vəsiqəmiz Türkiyədə də tanındı  


Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.

Məsələni "Sherg.az"a təhlil edən nəqliyyat eksperti, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubovun sözlərinə görə, bu cür məqamlar beynəlxalq konvensiyalarla tənzimlənir:

"Əlbəttə, çox yaxşıdır. Bu, qardaşlığımızın növbəti bariz nümunəsidir. Əslində çoxdan verilməli qərar idi. Beynəlxalq sənədlərdə sürücülük vəsiqəsinin başqa ölkələrdə tanınmasına dair müddəalar var. Çox istərdik ki, bizim sürücülük vəsiqəmiz Avropa ölkələrində də tanınsın".