Prezident İlham Əliyevin qlobal təşəbbüslərinin dəstəklənməsi Azərbaycana inamın və etimadın göstəricisidir


"Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir".

Bu fikirləri "Sherg.az"a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Professor qeyd edib ki, ilk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi:

"Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.
Prezident İlham Əliyev Zirvə görüşü zamanı çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşünün keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapıb və bu sənədlərdə 65 illiyi bu yaxınlarda qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bununla yanaşı, Prezident İlham Əliyev sədrliyi öz üzərinə götürərkən Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan edib. Koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini, nəticədə yeni reallıqların meydana çıxdığını və Azərbaycanın yeni vəziyyətə çevik, adekvat reaksiya verdiyini qeyd edən dövlət başçısı bildirib ki, ölkəmizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu təsdiq edir. COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə bu pandemiyaya qalib gələ bilərik. Bununla yanaşı, Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bu təşəbbüsü yekdilliklə dəstəklədiyini, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələrin təmsil olunduğunu diqqətə çatdırıb.

 Zirvə görüşünə qatılan BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlərində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün təşkilinə və pandemiyaya qarşı aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi".

Professor xatırladıb ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanıb:

"BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan, son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir".

E.Əhmədov vurğulayıb ki, BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır:

"BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. 1945-ci ildə BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın fövqəladə sessiyaları çox az sayda keçirilmişdir.
Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-dək edilən təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər ölkə təşəbbüsə dəstək verib. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

  Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənər.
Məlum olduğu kimi, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini genişləndirməklə onun məqsəd və prinsiplərinə öz töhfəsini verir".

Elçin Əhmədov vurğulayıb ki, Azərbaycanın Hərəkata üzv olduğu 8 ildən artıq müddət ərzində Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb:

"Təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur.
 
Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, kiçik ada ölkələri də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün ölkəmizin hazırda ehtiyac duyulan, eləcə də qlobal səviyyədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsi kimi çox yüksək dəyərləndirilir. BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs əksər dünya dövlətləri tərəfindən qəbul edildiyi üçün Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.
Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir".