Vətəndaşlar düşünməlidirlər:“Hər bir qərar onların sağlamlığı naminədir”

Bəzi insanlar karantin qaydalarının yenidən sərtləşdirilməsini birmənalı qarşılamadılar. Onlar "Buna nə ehtiyac var?" deyərək növbəti sərtləşdirilmənin lazımsız olduğunu əsaslandırmağa çalışdılar.
 
Həkim-infeksionist Natiq Əliyev isə "Sherg.az"a açıqlamasında deyib ki, bu, zəruri addım idi: 

"Vətəndaşlar düşünməlidirlər ki, verilən hər bir qərar onların sağlamlıqlarının qorunması naminədir. Karantin rejimi yumşaldılandan sonra ehtiyac olmadığı halda evdən çıxmamaq, sosial izolyasiya qaydalarına əməl etmək barədə əhaliyə dəfələrlə xəbərdarlıq olundu. Həm rəsmi qurumlar, həm də həkimlər bu işdə fəal iştirak etdilər. Amma camaat buna biganə yanaşdı.  Bu gün yaşananlar da həmin laqeydliyin nəticəsidir. 



N.Əliyəv, həmçinin həkimlərin fəaliyyətindən də danışdı: 

"Məsuliyyətsiz insanlar karantin qaydalarının yenidən  sərtləşdirilməsindən başqa çıxış yolu qoymadılar. Əlbəttə, çoxu işləyə bilmir. Çətinliyi başa düşürəm. Amma insanlar da anlamalıdırlar ki, bütün qərarlar onların  sağlamlığı üçündür. Təbii ki, həkimlərin də işi asan deyil. Biz səbr edir, nikbinliyimizi qoruyuruq. Son həftələr ərzində  həkimlərimizin fədakarlığı bir daha təsdiqləndi. Buna görə, bir tibb işçisi kimi bütün kolleqalarıma- gizli qəhrəmanlara minnətdarlığımı bildirirəm.