“Əsas məsələ insan amili və sağlam genefonddur”

“Cənab Prezident, Gəncə, Mingəçevir və Samuxda sosial obyektlərin və digər müəssisələrin açılışında iştirak etdi. Ölkə başçısı Gəncə şəhərində koronavirusla bağlı əhaliyə bir neçə mühüm mesajlar verdi”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, ölkə başçısının cəmiyyət üçün verdiyi mesajlar olduqca vacib idi:

“Koronavirus pandemiyası elan olunandan Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə işləməsi, həmin təşkilatın tələb və tövsiyələrin ölkəmizdə uğurla həyata keçirməsi baş verir. Ümumiyyətlə, pandemiya sahəsində mübarizə aparan ən qabaqcıl ölkələrindən biri olduq. Hətta ÜST Azərbaycanı nümunəvi ölkə adlandırdı.

Vaxtında görülmüş tədbirlər sayəsində ölkəmizdə vəfat edənlərin sayı çox az oldu. Təəssüf ki, yumşalmalar nəticəsində vətəndaşlarımız elə başa düşdü ki, pandemiya bəlası sovuşub. Ona görə də verilən tövsiyələrə əməl etmədilər. Nəticədə sosial məsuliyyətsizlik baş alıb getdi. Cənab Prezident cibindən maskanı çıxararaq qeyd etdi ki, “Mən ölkə Prezidentiyəm, qapalı yerlərdə maskada gəzirəm. Niyə vətəndaşlarımız maskadan istifadə etməsin, nə çətinlik var?” ”.

V.İskəndərov bildirib ki, Prezident Gəncə və Mingəçevirdə bir çox lazımi məqamlara toxundu. Bunlardan biri də qınaq məsələsidir:

“Gəlin boynumuza alaq ki, cəmiyyətimizdə qınaq demək olar ki, yoxdu. İctimai qınaqla çox məsələləri həll edə bilərik. Hər kəsin başının üstünə polis qoya bilmərik. Cənab Prezidentin də dediyi kimi, sosial məsafəni saxlamaq, maska taxmaq, tez-tez əlləri yumaq, dezinfeksiya məhsullarından istifadə etmək lazımdır. Bu zaman özümüzü və yaxınlarımızı, çevrəmizi qoruya bilərik. Çünki bilinmir ki, bu bəla nə zaman bitəcək”.
Millət vəkili qeyd edib ki, Prezident xəstəxanalarla bağlı məsələyə toxunaraq xəstəxanalarımızın yetərincə olduğunu, amma həkimlərimiz o qədər də çox olmadığını deyib:
 
“Virusa yoluxan hər bir insana xüsusi diqqət lazım olur. Bir insana ən azı 8-10 nəfər tibb işçisi nəzarət edir, kütləvi yoluxma baş verəndə necə olacaq? Hələ də inanmayanlar var. Amma bu bəla bütün dünyanı bürüyüb.Bir neçə ölkələr vaksinin tapılması ilə bağlı işlər görür, lakin hələ ki, bunun müsbət yekunu yoxdur.

Ölkə başçısı qeyd etdi ki, “Heç bir sosial layihələrin ixtisari, iqtisadi tənəzzül mümkün olmayacaq. Bütün məsələlərdən alnıaçıq çıxacağıq. Təbii ki, iqtisadiyyat bütün dünyada zəifləyib. O cümlədən Azərbaycanda neftin qiymətinin düşməsi müşahidə olunur. Amma bizim üçün ən əsas insan amili, sağlam genefonddur” ”.