“Prezident həm də dünya xalqlarının təhlükəsizliyini düşünür” 

“Dünyanın 130-dan çox ölkəsi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi”.
Bu sözləri “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı bildirib ki, dövlət başçısının bu təşəbbüsü dünya mediasının diqqətindədir: 

“Bilirsiz ki, Prezident Qoşulmama Hərəkatının Sədridir və ölkə rəhbərinin təşəbbüsünə bu miqyasda dəstək verilməsinin çox böyük əhəmiyyəti var. Prezident İlham Əliyev təkcə öz ölkəsinin vətəndaşlarının təhlükəsizliyini deyil, dünya xalqlarının da təhlükəsizliyini düşünür. 

Ölkə rəhbəri birbaşa insan amilinə xüsusi diqqət ayırır. Nəzərə alaq ki, dünyada 200-dən artıq dövlət mövcuddur və bu gün dünyanın 213 ölkəsində ciddi karantin rejimi hökm sürür. 



Artıq 4 ay ərzində 10 milyon insan koronavirusa yoluxub. Gün ərzində 200 minə yaxın şəxs xəstələnir və bu say artan xətt üzrə gedir. Dünya gözə görünməyən düşmənlə mübarizə aparır. Artıq 500 min insan bu “müharibə”nin qurbanı olub”. 

QHT rəhbərinin fikrincə, Prezident İlham Əliyev qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürür, əməli addımlar atır:

“Azərbaycan dövləti koronavirusla mübarizədə 30 dövlətə rəsmi yardım edib. 30 dövlətdə milyonlarla insan yaşayır. Bu, ölkəmiz adına qürurvericidir. Azərbaycan böyük dövlət olmasa da, indiki vəziyyətdə heç bir ölkədən, təşkilatdan maddi yardım almayıb. Buna rəğmən, həm öz 10 milyonluq vətəndaşını qoruyur, həm də 30 ölkənin milyonlarla insanına yardım edir.

Prezidentin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır”. 

N.Orduxanlı qeyd edib ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib: 

“Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Prezident BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır.

Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verib. Heç şübhəsiz, bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir”.