“BMT Baş Assambleyası Azərbaycan üçün beynəlxalq tribunadır” 

“Bu təşkilat ölkəmizin maraqlarını ifadə edən nəticəni ortaya qoymaq üçün çox önəmlidir”


Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür.
Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.


Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. 

Məlumdur ki, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Artıq dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyib.

Qoşulmama Hərəkatının BMT-dən sonra dünyanın əksər dövlətlərini özündə ehtiva etdiyini, 155 ölkəni öz tərkibində saxladığını deyən politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, bu konfrans Azərbaycan üçün böyük beynəlxalq tribunadır. 
Analitik vurğulayıb ki, BMT-də və digər beynəlxalq sturukturlarda Azərbaycanın maraqlarını ehtiva edən istənilən qərar və qətnamənin səsverməsində ölkəmizin maraqlarını ifadə edən nəticəni ortaya qoymaq üçün bu təşkilat çox önəmlidir:



“Zaman-zaman bu təşkilatın verdiyi sənədlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü məsələsi önə çəkilir və dolayısı ilə Ermənistanın işğalçı dövlət olduğu vurğulanır. Digər tərəfdən bu gün dünyanın başına bəla olan koronavirus pandemiyası dönəmində də ölkələrin bu bəladan qurtulması üçün qarşılıqlı fəaliyyəti çox əhəmiyyətlidir. Məlumdur ki, bununla bağlı bir dəfə videokonfrans keçirilib. Bu konfransda da təşəbbüskar məhz Azərbaycan dövləti və Prezidenti olub. Ona görə də növbəti sessiyanın çağırılması məsələsində də pandemiya ilə bərabər Dağlıq Qarabağ probleminin həlli məsələsi yəqin ki, gündəmə gətiriləcək. Növbəti dəfə beynəxalq ictimaiyyətə ciddi bir siqnal olan müraciət ünvanlanacaq. Çünki artıq ard-arda bir neçə beynəlxalq sturukturlarda eyni zamanda Avropa Birliyi sturukturlarında demək olar ki, Azərbaycanın marağını ifadə edən qərar və qətnamələr qəbul olunub. Bu da Ermənistanın əleyhinə ciddi geosiyasi sənədlərdir”.

Politoloqun fikrincə, 130 dövlətin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsi və belə bir videokonfransın keçirilməsi ölkəmizin xeyrinə işləyəcək beynəlxalq hadisə olacaq:

“Artıq Azərbaycanla Ermənistan arasında siyasi proses darala dirənib. Bu gün heç bir predmet üzrə danışıqlar getmir. Ortada yalnız bir görüntü var: Ermənistan zaman qazanmaq istəyir. Buna rəğmən ATƏT-in Misk Qrupu və Həmsədr dövlətləri hələ də Ermənistanın nazı ilə oynamağa davam edirlər. Kimsə Ermənistana hətta zərrə qədər belə iqtisadi yöndə sanksiya tətbiq etmək fikrində deyil”. 

N.Miri qeyd edib ki, Rusiya siyasətşünasları artıq hərbi əməliyyatlardan intensiv danışmağa başlayıblar:

“Belə bir əməliyyatlar keçirilərsə, Ermənistanın qısa müddət ərzində məğlubiyyətə uğrayacağını dilə gətirirlər. Bu faktın özü də göstərir ki, getdikcə hərbi əməliyyatlar məsələsi gündəmə gəlir. Ona görə də belə bir zamanda bu videokonfransın keçirilməsi Azərbaycan dövləti üçün çox əhəmiyyətlidir”