“Yüz bəhanədənsə, bir çıxış yolu tapılmalıdır”

Koronavirus pandemiyası bir çox sahələr kimi təhsilə də siraət edib. Cari ildə imtahan verənlərin taleyi bir yana, hətta yeddi il sonra birinci sinifə qəbul olunacaq şagirdlərin sayında da kəskin azalmanın olması indidən proqnozlaşdırılır. Bu isə çox ciddi təhlükədir. 
 “Sherg.az” saytı olaraq məsələyə aydınlıq gətirmək məqsədilə təhsil eksperti Almaz Həsrətin fikirlərini öyrəndik.
O, bildirdi ki, gələcəyə nikbin baxmaq lazımdır: 

“İndi içərisində olduğumuz pandemiya bəşəri bir problemdir. Düzdür, çətinliklər təhsilə də siraət edib. Amma heç kim sabah nə olacağını dəqiq deyə bilməz. Biologiyada da belə bir fikir var ki, ən sağlam və ən güclü insanlar yaşamaq uğrundan mübarizədə qalib gəlirlər. Ona görə də ümidi itirmək olmaz. Yüz bəhanədənsə, bir çıxış yolu tapılmalıdır. Yeni metodikalar hazırlanmalıdır”. 
Təhsil ekspertinin sözlərinə görə, texniki imkanlar genişlənməlidir: “Ola bilsin, qeydiyyat onlayn qaydada aparılsın. Ona görə rayonlarda yaşayanlar üçün internet problemi həll edilməlidir. Indi texnologiya dövrünün olduğunu nəzərə almaq lazımdır”. 



A.Həsrət, həmçinin dedi ki, distant təhsil tədrisin keyfiyyətini aşağı salmayacaq: 

“Onsuz da bizdə könüllü distant təhsil var idi. Ola bilsin ki, pandemiya ilə əlaqədər hələ bir müddət belə davam etsin.  Amma qüsurları yox, üstünlükləri görməyə çalışmalı və imkanlardan istifadə etməliyik. Onlayn dərslərdə interaktivliyin daha çox olması danılmaz faktdır. Həm də şagirdlərin texnologiyaya, o cümlədən kompüterə mayilli olması heç kimə sirr deyil. Deməli, bundan istifadə etmək, dərslərin maraqlılığını artırmaq, müxtəlif cizgi film, oyun elementlərindən yararlanmaq lazımdır.
Düzdür, sinifdəki dərslərində elə elementlər var ki, o heç cürə onlayn mühitdə təşkil etmək mümkün deyil. Amma yenə deyirəm, distant təhsilin də öz üstünlükləri var və bundan mümkün qədər istifadə etmək lazımdır”.