Evdən icazə ilə çıxmağa dövlət müdaxilə edir: “Sərtləşməyə ehtiyac var!”

“Müəssisələr dövlətə əlavə problemlər yaratmamalıdırlar”

“Məsələn, nə üçün dövlət əlavə olaraq müəyyən sayda elektron icazələri ləğv etməlidir?! ” 


“İcaze.e-gov.az” portalında icazələrin bir hissəsi ləğv edilib. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş  sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub. Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.



İcazələrin tənzimlənməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov “Sherg.az”a bildirib ki, bu gün ölkəmizdə koronavirusla mübarizə ən yüksək səviyyədə icra olunsa belə, statistik rəqəmlərdən bəlli olur ki, hələ də virusun qarşısını ala bilməmişik. Gün ərzində 400-500 nəfərin virusa yoluxması doğurdan da ölkədə pandemiya ilə bağlı vəziyyətin təhlükəli olduğundan xəbər verir:

“Dövlət və Operativ Qərargah bir sıra qaydalar və məhdudiyyətlər tətbiq etsə də, yenə virusun kəskin yayılması baş verir. Bəzi hallarda Operativ Qərargahın çıxışından məlum olur ki, virus sürətlə yayılır. Təbii ki, bunun qarşısını almaq üçün daha sərt qaydaların tətbiqinə ehtiyac var. Müxtəlif səpkidə sərtləşmədən söhbət gedir. Bunlardan biri portalda icazələrin ləğv olunmasıdır. Səhv etmirəmsə, 47 min elektron icazə ləğv edilib və təşkilatlara tövsiyə olunub ki, onlar hansı sayda işçilərini iş prosesinə cəlb etsin.

Təəssüf ki, burada müəyyən sui-istifadələr var idi. Baxmayaraq ki, dövlət elektron portal vasitəsilə icazələrin verilməsini bir növ təşviq etmişdi. Nəticədə müəssisələr bundan istifadə edirdi. Amma təcrübə göstərdi ki, bir müəssisədə 10 nəfər var. Onların 10-u üçün icazə alınır və hamısı hərəkətdə olur. Lakin Operativ Qərargah tövsiyə edir ki, işçilər müəyyən sayda iş prosesinə cəlb olunsun. Yəni tələb olunan sayda işçilər işə çıxsın. Digər şəxslər isə onlayn rejimdə evdə oturaraq üzərində olan öhdəlikləri yerinə yetirsin”. 

A.Allahverənov qeyd edib ki, bu gün KİV-lərdə, xüsusilə qəzətlərdə və müxtəlif informasiya portallarında çalışanlar onlayn rejimdə prosesi idarə edirlər:

“İş prosesinə cəlb olunan şəxslər isə bilavasitə konkret öhdəliyə cavabdehlik daşıyır. Bu, eynilə digər sahələrə şamil olunur. Məsələn, bank və sığorta sektorunda işçilərin böyük hissəsi prosesi evdən idarə edir. Digərləri isə elektron icazə ilə işə gəlir. Amma bu hamıya şamil edilmir. Ona görə də dövlət məcbur olaraq məhz özü tərəfindən müəyyən sayda icazələrin ləğvini həyata keçirir. Xüsusilə o müəssisələrdə ki, müəyyən sayda insan işləyir və o sayın yalnız 50 faizinin elektron icazə ilə işə cəlb olunmasına dövlət müdaxilə edir. Bu da başa düşüləndir. Çünki sərtləşməyə ehtiyac var. Onlardan biri də icazələrin tətbiqidir”.

A.Allahverənovun sözlərinə görə, digər vacib nüans odur ki, müəssisələr dövlətə əlavə problemlər yaratmamalıdırlar:

“Məsələn, nə üçün dövlət əlavə olaraq müəyyən sayda elektron icazələri ləğv etməlidir? Axı tövsiyə olunub və hər kəs bu tövsiyəyə uyğun davranmalıdır. Düzdür, elə müəssisələr var ki, orada mütləq işçilər müəyyən sayda iş başında olmalıdır. Növbəli iş rejimi də tövsiyə olunur. Amma bu rejim tövsiyə olunsa da, çox az faiz müəssisə növbəli rejimə keçib. Ona görə də belə addımlar başa düşüləndir. Ümid edirəm ki, bu müdaxilələr pandemiyanın yayılmasının qarşısını ala bilər. Ən azından pandemiyanın yayılması üçün münbit şəraitin nisbətən azalmasına gətirib çıxara bilər. Çünki 47 min icazə, yəni 47 min insanın daim hərəkətdə olması və ictimai nəqliyyatdan istifadə etməsi baş tutur. Dövlət maraqlıdır ki, bu kimi halları  aradan qaldırsın, ən azından pandemiyanın yayılması üçün münbit şəraitin imkanları bir qədər daralmış olsun”.