“Hər məşqimizdə Elçinin sözlərini yada salırıq, deyirik ki...”

“Sağ olsa idi, buna necə qiymət verərdi,  zarafatlaşardı”

“Pərdəarxasında çox duzlu  zarafatlar var idi. O zarafatları biz görürdük, eşidirdik, tamaşaçılara qismət olmadı”


“Bilirsən ola bilsin ki, Rusiyada azərbaycanlıların sayı üç milyondan da çoxdur, amma səsləri elə gəlir ki, elə bil üç nəfərdilər.”
Hər halda bu sözlər yadınıza düşdü, bəlkə də gözləriniz doldu.  Hələ  dünyanın düz, koronavirussuz vaxtında “Məhəllə” filmində Məzi- mərhum aktyor Elçin Həmidovun səsləndirdiyi həmin qızıl ifadələrdir... 29 iyun onun doğum günüdür, özü olmadan qeyd edilən doqquzuncu yaşıdır.

Elçin Həmidov 1958-ci ildə Bakıda anadan olub. Körpə yaşlarından çətin taleyi özünü büruzə verən aktyor əvvəlcə atasını sonra anasını itirir. Bacı qardaşları ilə yetim qalan balaca Elçini əmisi himayəsinə götürür. Əmisinin yanında çox əziyyət çəkir, həyatdan bir zərbəni də bacı-qardaşlarının ölümü ilə alır. Bütün bunlara baxmayaraq E.Həmidov yaşam savaşını davam etdirir. 1974-cü ildə Azərbaycan Dövlət  Musiqili Komediya teatrında xor  artisti kimi çalışır. 1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olur, 1981-ci ildə bitirir.

Fəaliyyətinə layiqincə davam edən aktyor neçə-neçə tamaşalarada rol alaraq, teatr səhnəsində uğur qazanır. Gur səsi, düzgün bədən quruluşu, aktyorluq istedadı ilə tanınmış sənətçiləri parodiya edir. Onun hər səhnəsi, hər rolu rəğbətlə qarşılanır. Ən çox da “Məhəllə” filmində calandırdığı Məzi obrazı ilə xalqın sevgisini qazanan aktyor, 2011-ci ildə evində vəfat edir.



“Sherg.az”olaraq dəyərli sənətkarı yad etmək məqsədilə yaxın dostlarından biri, həmkarı, əməkdar artist Tahir İmanovla əlaqə saxladıq. Aktyor E.Həmidovu, nəinki ad günündə hər an xatırladıqlarını söyləyib:

“Elçinin yeri hər zaman görsənir, onun  kimi aktyorlara çox böyük ehtiyacımız var. Çünki   doğrudan da sanballı teatr aktyoru idi.  İşinin peşəkarı  olmaqla yanaşı həm də gözəl insan idi. Təəssüflər olsun ki, çox  qısa müddət birlikdə işlədik.

Buna baxmayaraq Elçinlə  böyük layihələrə imza atdıq. “Məhəllə”in hər iksini, “Məşədi İbad  94”  filmini, bir çox tamaşalarımızı, konsertlərimizi misal göstərmək olar. Qısa zamanda Elçinlə birgə bu cür işlərə imza atdıq. Çox heyif , az yaşadı... Şübhəsiz həyatda olsa,  daha böyük layihələrə imza atardıq, amma qismət belə imiş... Elçin daim  qəlbimizdədir... Hər məşqimizdə, bir hadisə baş verəndə Elçinin sözlərini yada salırıq.

Deyirik ki,  sağ olsa  idi, buna necə qiymət verərdi,  zarafatlaşardı.  Pərdəarxasında çox duzlu  zarafatlar var idi. O zarafatları biz görürdük, eşidirdik, tamaşaçılara qismət olmadı”.