Küçəyə icazəsiz çıxıb, öyünənlər var

"Belə "karantin qəhrəmanlarını" cərimələmək yox, həbs etmək lazımdır"


İyun ayının 21-dən başlayaraq paytaxtda və bir neçə iri şəhərlərdə COVİD-19 pandemiyasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejimi başladılıb. Bu müddət ərzində karantinin olduğu şəhərlərdə yaşayan əhali gündəlik tələbatını ödəmək məqsədi ilə “8103” mesaj göndərməklə iki saat müddətində yaşayış yerini tərk edə bilər.

Əks halda karantin rejimi pozulmuş olur. Lakin bu qanuna məhəl qoymayan kifayət qədər adam var. Son bir neçə günlük müşahidəmə görə deyə bilərəm ki, sosial media fenomenləri öz profillərindən heç bir rəsmi icazəsi olmadığı halda gün boyu bir neçə fərqli məkanlardan şəkil və ya videogörüntülər paylaşır. Bu halda onu anlayırıq ki, ya həmin şəxslərə “8103” gün boyu bir neçə dəfə icazə verir, ya da bizim “fenomenlər” karantin rejmini pozur. Amma cərimələnmir.

Maraqlıdır, bu kimi hallar nə üçün görməzdən gəlinir və ya görülmür? 

Suallarımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, sanki ölkə ərazisində sosial media fenomenləri tamam başqa bir situasiya yaradıb:



“Həmin fenomenlərdən birini tanıyıram. Bu şəxs küçəyə icazəsiz çıxır, maskadan istifadə etmir. Buna görə cərimələndikdə isə sevinir və bunu çəkib sosial mediada paylaşır. Həmin insanlar bu cür durumlara “qəhrəmanlıq” kimi baxırlar. Buna görə də həmin fenomenlər mövcud karantin rejiminə məhəl qoymur. Belə desək, öz “qəhrəman”lıqlarına davam edirlər. Fikrimcə, bu məsələnin kökündə insanların özünü təsdiq etmək düşüncəsi dayanır. İnsanlarda özünü təsdiq etmək fikri hər zaman olub. Sadəcə, son vaxtlar forma və yolları dəyişib.

Məsələn, bizim tələbə olduğumuz vaxtlar hər kəs özünü oxumaq, gördüyü iş ilə təsdiq edirdi. Lakin indi bunu edən çox az insan var. Cəmiyyətin müəyyən hissəsi gördüyü iş ilə özünü təsdiq etmək fikrinə inanır.

Bunu edə bilməyən fərdlər isə fenomenliyə başlayır. Zaman keçdikcə onlar özlərini cəmiyyətdən tamam fərqli görürlər. Karantin rejimini pozduğuna görə onları cərimə etməklə məsələ həllini tapan deyil. Bir neçə xəbərdarlıqdan sonra onlar həbs edilməlidir.

Eyni zamanda sosioloq olaraq onu tövsiyə edə bilərəm ki, bu kimi məsələlərdə inzibati müdaxilə ilə paralel olaraq geniş maarifləndirmə işləri də aparılmalıdır. Əks halda belə arzuolunmaz hadisələr baş alıb gedəcək. Təəssüf edirəm ki, son vaxtlar cəmiyyətdə bu kimi hallar geniş yayılıb”.