Türkiyədə həkim işləyən həmyərlimiz: “Təhlükəsizlik tədbirlərini yeddi dəfə artırmalıyıq”

“Özünüzün və doğmalarınızın sağlamlığının sizin əlinizdə olduğunu unutmayın”


“Çinin Uhan şəhərində başlayan və sürətlə bütün dünyaya yayılan COVİD-19 adlandırdığımız yeni tipli koronavirus özü ilə birlikdə bir çox problemlər gətirdi. Sözügedən virus hava-damcı yolu ilə yayıldığı üçün kifayət qədər təhlükəlidir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında hazırda İnstanbul İstinye universitetinin nevrologiya şöbəsində  çalışan həkim həmyerlimiz Vüqar Cəfər deyib.  V.Cəfərin fikrincə, koronavirus adi qripdən qat-qat təhlükəlidir:

 “Dünyaca məşhur tibb dərgisi olan “Lancet”də dərc olunan bir məqalədə göstərilir ki, COVİD-19-la bağlı ölümlər sosioekonomik təsirlərdən asılı olaraq ölkədən-ölkəyə dəyişir. Həmçinin yaş da bu məsələyə təsir edir. Son araşdırmalara görə, ölüm ehtimalı 0.66 faizdir. Yəni orta hesabla hər on min nəfərdən 66-sı dünyasını dəyişir.



Bu isə adi qripdən yeddi qat artıq göstəricidir. Doqquz yaşına kimi uşaqlarda ölüm faizi çox aşağıdır. Bundan fərqli olaraq, 80 yaşdan yuxarı adamlarda isə bu ehtimal 7.8 faizə qədərdir.

Qeyd etdiyim faktlara əsasən deməliyəm ki, panikaya düşmədən koronavirusdan qorunmaq lazımdır. Hər birimiz dəfələrlə qrip keçirmişik. Özümüzü  necə qorumaq lazım olduğunu, ətrafımızdakılarla məsafə saxlamağın zəruriliyini bilirik. İndi isə həmin təhlükəsizlik tədbirlərini yeddi dəfə artırmalıyıq”.

Həkim bütün soydaşlarımıza tövsiyələr də verdi:

“Gündəlik həyat tərzinizi müvafiq qaydalara uyğun formalaşdırın. Tibbi maska taxın, iki metrlik sosial məsafəni qoruyun. Əziz həmvətənlərim, virusdan özünüzü və ətrafınızdakıları qoruyun. Özünüzün və doğmalarınızın sağlamlığının sizin əlinizdə olduğunu unutmayın”.