“Pandemiya “Vətən” anlayışını gücləndirir”


“Ölkələr qapanıb dünyadan təcrid olunduqca, sanki, insanlar öz yaşayış məskənlərinin sərhədlərini daha təsirli hiss edirlər”

“Özümüzü və bir-birimizi qorumağımız gərəkdir. Təmizlik, məsafə, minimum kontakt çox önəmlidir”

“Təəssüf ki, artıq  dost-qohumum arasında  itki və bir neçə yoluxan var”



Planetmizə gəlmiş ən dəhşətli “qonaq” koronavirus infeksiyası öz aktuallığını qorumağa davam edir. Biz yer kürəsinin ali  sakinləri isə qonaqpərvərliyimizi bir kənara qoyub, onu qovmaq üçün əlimizdən gələni edirik. İnanırıq ki,  səbir və təmkinlə, həmrəy şəkildə öhdəsindən gələcəyik. 

“Sherg.az”da indiki çətin günlərdə tanınmış bəstəkar, filosof- şair Rasim Müzəffərli ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik.

-Rasim müəllim, koronavirus pandemiyası haqqında fikirlərinizi öyrənmək istərdik...

-Təəssüf ki, cəmiyyətimiz bu bəlanı dərhal anlamadı. Yalnız son bir ay ərzində yoluxanların sayının artması və artıq insanların öz qonum-qonşusunda, qohum-əqrabasında  “COVİD -19”a yoluxanların olması, sanki, cəmiyyətimizi silkələdi. Nədənsə, ilk günlərdən bu mövzuya  ciddi yanaşdım. Yanvarın sonları – fevralın əvvəlləri  Çində, İranda xəstəliyin yayılmasına diqqət çəkməyə çalışdım. Medianın başı Milli Məclisə, növbədənkənar seçkilərə qarışanda, “COVİD-19” haqda az məlumat verilən dönəmdə, beynəlxalq resurslardan istifadə etdim. Feysbuk səhifəmdə koronavirus haqqında  gündəlik statistik məlumat paylaşmağa başladım. 

-Hazırlı kritik vəziyyətdə belə inanmayanlar var, o vaxtda reaksiyalar necə olurdu?

-Bəli,  hətta martın əvvəlində də “COVİD-19” haqda yazdıqlarım bəzilərinə gülməli gəlirdi. Deyəndə ki, hələlik sizə və yaxınlarınıza yoluxmayıb, ona görə gülürsünüz, mənə “Heç nə yoluxmayıb, yoluxmayacaq” yazanlar az deyildi. Feysbuk səhifəmdə “Cənablar və xanımlar! 3-cü Dünya savaşına "xoş" gəlmisiniz!” yazanda  mart ayı idi...

-Bəs yaradıcılıq işləriniz necə gedir?

- “Koronavirus dövrü”  hələ ki, yaradıcılıq baxımdan o qədər də məhsuldar deyil.  Son iki-üç ay ərzində “Evdə qal” səbəbindən tədricən köhnə şeirlərimi,  qısa gülməcələri və digər yazılarımı kompüterimdə qovluqlara toplayıb sistemləşdirə bilmişəm. 

-Yeni şeirlər yazırsınızmı?

-Bu il  “Seçki bayatıları” və bir neçə şeirin qaralaması oldu. Amma media ilə məhsuldar çalışmışam. Akademik Rafael Hüseynova müsahibə verdim. O da Azərbaycan Radiosu üçün hazırladığı “Axşam görüşləri” verilişinin iki buraxılışını  yaradıcılığıma həsr etdi. “525-ci qəzet”də 5 iyunda böyük müsahibəm dərc olunub. May ayında Bəhram Bağırzadənin birbaşa İnstaqram efirinin, iyunda İctimai Radioda Pərvanə Nadirqızının “Uşaqlığın son gecəsi” verilişinin qonağı oldum. Yeri gəlmişkən, hərtərəfli istedad sahibi, əziz dostum Bəhrama Allahdan şəfa diləyirəm. Ümid etmək istəyirəm ki, çətin vəziyyətdən çıxacaq.

-Həyatınızda başqa nə kimi yeniliklər var?

-Bu il Milli Qəhrəman Çingiz Mustafayevin 60-illik yubileyidir. Mən də  onun üçün  yaradılmış  Təşkilat Komitəsinin sədriyəm. Təbii ki, tədbirlərimiz “COVİD-19”un təsirinə məruzdur. 17 iyunda “Hərbi tariximiz” yazı müsabiqəsinin  yığcam tərkibdə yekun mərasimini keçirdik. Qaliblərə Çingiz Mustafayev Fondunun (https://www.facebook.com/ChingizFound) diplomlarını və Azərbaycanda ilk saat brendi olan “VMF” saatları təqdim etdik.

-Son olaraq insanlarımıza, cəmiyyətə  nə söyləmək istərdiniz?

-Artıq dünyada “COVİD-19”-a yoluxanların sayı 10 milyondan, vəfat edənlərin sayı isə  500 mindən çoxdur. Hesab edirəm ki, “COVİD-19” dünyanın inkişafında və insanların təfəkküründə artıq müəyyən dəyişikliklərə səbəb olur. Məncə, pandemiya “Vətən” anlayışını gücləndirir. Ölkələr qapanıb dünyadan təcrid olunduqca, sanki insanlar öz yaşayış məskənlərinin sərhədlərini daha təsirli hiss edirlər. Pandemiya bizi, cəmiyyətimizi, hökumətimizi, biznesimizi, münasibətlərimizi sınayır. Bu sınaqdan bacardığımız qədər az itki ilə  çıxmaq üçün səfərbər olmağımız, özümüzü və bir-birimizi qorumağımız gərəkdir. Təmizlik, məsafə, minimum kontakt çox önəmlidir. Təəssüf ki, artıq  dost-qohumum arasında  itki (xalamın qaynı oğlu) və bir neçə yoluxan var. Dünyasını dəyişənlərə Allahdan rəhmət, bütün xəstələrə şəfa diləyirəm. Allah hamımızı, Azərbaycanı qorusun...