Koronaviruslu xəstələrin qabları çölə atılır ! –“Bu, faciədir”

“Koronaviruslu xəstələr dəfn edilərkən  xüsusi qaydalara əməl olunur. Təhlükəni başa düşmək o qədər də çətin deyil”


“Görünür, bölgələrdə maariflənmə aparılmalı, nəzarət güclənməlidir”


Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında arzuolunmaz hadisə baş verib.
  Xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.
Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir. Məlum olan odur ki, bununla virusun yayılması üçün münbit şərait yaranır. 

Acınacaqlı vəziyyətlə bağlı “Sherg.az”a fikirlərini bildirən həkim-ginekoloq Fəxranə Hüseynzadə bunun doğru olmadığını hesab edir:



“Düzü, bunu ilk dəfədir eşidirəm. Amma, həqiqətən, belədirsə, məsələ ciddi araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, biz evdə də müxtəlif tullantıları xüsusi qaydada ixrac edirik. Xəstəxanada, özü də pandemiya tüğyan etdiyi bir vaxtda məsələyə daha ciddi yanaşılmalıdır. Bakı xəstəxanalarında belə məqamlara çox ciddi əməl edilir. Tullantılar xüsusi nəzərdə tutulmuş konteynerlərə boşaldılır. Görünür, bölgələrdə maariflənmə aparılmalı, nəzarət güclənməlidir. Onu da deyim ki, koronaviruslu xəstələrin müalicə alındığı yerdə belə bir hadisənin baş verməsi daha faciəvidir. Hətta koronaviruslu xəstələr dəfn edilərkən belə, xüsusi qaydalara əməl olunur. Yəni təhlükəni başa düşmək o qədər də çətin deyil”.