"Yeni Marka"dan yeni əməl... – Kəllə qəndin qabında düyü satılır ! + FOTO

Dünən Tovuzun “Düz Qırıqlı” kənd sakini məhəllə mağazalarından birindən düyü alıb. Sosioloq Lalə Mehralının verdiyi məlumata görə, düyünün bağlamasının üzərində heç bir məlumat olmayıb. Əvəzində kəllə qəndlə bağlı məlumatlar yer alıb. Məhsul "Yeni Marka" şirkətinə aiddir. 

Məhsulun qablaşdırılımasındakı yanlışlıqla bağlı “Sherg.az”a danışan Qida Təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, məhsul harada qablaşdırılırsa, bu hadisə işçilərin səhlənkarlığı ucbatından baş verib:


“Amma bu bilərəkdən edilən bir şey deyil. Belə hala tez-tez rast gəlinirsə, məhsulun çoxu belədirsə, bir az kobud səhv ola bilər. Fikrimcə, bu hal təsadüf nəticəsində baş verib. Sadəcə olaraq sexdə istehsalatda qablaşdırma bölməsində çalışanların etinasızlığından, işə diqqətsiz münasibətindən qaynaqlanıb. Diqqətsiz olublar. Bəlkə də qablaşdırmanı gecə növbəsində ediblər deyə yuxulu vəziyyətdə belə səhvə yol verilib”.

Ekspertin sözlərinə görə, adətən belə məhsullar qablaşdırılanda xüsusi işıqlandırma olur:

“Keyfiyyətin idarə edilməsi beynəlxalq standartında müəyyən hallar qeyd olunur. Bu, o qədər də kobud və insan sağlamlığına təsir göstərən hal deyil. Sadəcə olaraq maddiyatla bağlı problem yaşana bilər. Məsələn, düyünün qiyməti ilə qəndin qiyməti fərqlidir. Hər halda istehlakçının hüququ pozulub. İstehsalat müəssisəsində keyfiyyətə nəzarət edən şöbə var. Baş verən hadisə bu şöbənin zəif nəzarətindən qaynaqlanan səhv kimi qiymətləndirilə bilər”.