130-dan çox dövlət Prezidentimizin təşəbbüsünü dəstəklədi: “Diplomatik qələbəmizdir!”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır”.
Bunu millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, 130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın diplomatik qələbəsidir: 

“Dünyada koronavirusla mübarizədə müəyyən boşluqların olması hər kəsə məlumdur. Dünya dövlətləri bu ağrılı məsələyə münasibətdə birlik, həmrəylik nümayiş etdirmir, məsuliyyətsizlik göstərirlər. Bütün bunların fonunda Prezident İlham Əliyevin koronavirusla mübarizədə birliyin, həmrəyliyin, məsuliyyətin təmin edilməsi sahəsində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Prezidentin təşəbbüsü qlobal səviyyədə ən böyük dəstəyə layiq görülür.

Ölkəmiz nümayiş etdirir ki, Azərbaycan kiçik ölkə olsa da, sözünün çəkisi böyükdür. Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir. Həmin toplantıda dövlətimizin başçısı üzv dövlətlərə səslənərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Prezidentin təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürurverici haldır. Bu, Azərbaycan dövlətinin və onun liderinin diplomatik qələbəsidir, böyük uğurudur”.

E.Nəsirovun sözlərinə görə, Prezidentin təşəbbüsü ilə keçiriləcək növbəti toplantı koronavirusla mübarizədə imkanları genişləndirəcək: 

“Bütün dünyanın diqqəti məhz bu toplantıya yönələcək. Hesab edirəm ki, toplantıdan sonra iqtisadi və humanitar səylər güclənəcək. Həm də bəşəriyyətin intizarla gözlədiyi vaksinin əldə olunması imkanları daha da artacaq. Çünki dünyanın ən böyük və universal təşkilatı məhz BMT-dir. BMT səviyyəsində bu məsələnin müzakirə predmetinə çevrilməsi şübhəsiz ki, öz müsbət nəticələrini verəcək”.