Susmaq olmaz ! - “Vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilərlər!”

“Qanunlar, qaydalar sərtləşdirilməli, ciddi tədbirlər görülməli, günahkarlar cəzalandırılmalıdır”

“Axı pandemiyaya qarşı mübarizə ümumxalq, bəşəri mübarizədir. Bizim üçün milli təhlükəsizlik məsələdir”

Ölkəmizdə koronavirusla mübarizə davam edir. Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər.

Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün tədbirlər görülüb davam edir. Dövlətimiz üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

Lakin hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil. Çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.

Son günlər ölkəmizdə karonavirusa yoluxanların sayının artmasının ciddi narahatlıq doğurduğunu deyən millət vəkili Tahir Rzayev “Sherg.az”a açıqlamasında bildirib ki, bunu bəzi insanların yalnız biganəliyi kimi qiymətləndirmək düzgün olmazdı. 
Deputat qeyd edib ki, dəfələrlə deyilməsinə, müraciət olunmasına baxmayaq kimsə bilə-bilə qayda-qanunu pozursa, sosial məsafə saxlamırsa və başqalarını xəstəliyə yoluxdurursa bu, biganəlik yox , dövlətin gördüyü tədbirlərə kölgə salmaq, insanlığa qəsd, xəyanət və cinayətdir:

“Hər birimiz məsələyə bu baxımdan qiymət verməliyik. Cünki qayda-qanuna məhəl qoymayanlar, yoluxanlar və həyatını dəyişənlər Azərbaycan vətəndaşlarıdır.Hadisələr də gözlərimiz qarşısında baş verir. Belə olan halda susmaq lazım deyil. Qanunlar, qaydalar sərtləşdirilməli, ciddi tədbirlər görülməli, günahkarlar cəzalandırılmalıdır. Axı pandemiyaya qarşı mübarizə ümumxalq, bəşəri mübarizədir. Bizim üçün milli təhlükəsizlik məsələdir. Xalqın, millətin təhlükəsizliyini pozanlar bağışlanmamalıdır. Başqa yol yoxdur. Əks təqdirdə ölkə və vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilər. Dərindən düşünməli və səhvlərə yol verməməliyik”.