“Ermənistan koronavirus sınağından üzüağ çıxa bilmədi”

“Pandemiya ilə mübarizə sahəsində vəziyyəti yaxşı olmayan Ermənistanda insan hüquqları sahəsində də vəziyyət yaxşı deyil, iqtisadiyyat getdikcə daha da çökür”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə ciddi fərqlər var: 

“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmiz qlobal enerji layihələrində aktiv iştirak edir. İqtisadiyyatın inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Beynəlxalq müstəvidə də Azərbaycana fərqli münasibət var. Dünyada ölkəmizə olan inam və etimad günü-gündən daha da artır. Prezident İlham Əliyev bir sıra mühüm təşəbbüslərlə çıxış edir, beynəlxalq səylərə dəstək verir. Pandemiya dövründə Azərbaycan bir çox beynəlxalq videokonfrans formatında görüşlərin təşəbbüskarı və təşkilatçısı oldu. Ermənistan barədə bunu demək mümkün deyil. Bu ölkədə vəziyyət acınacaqlıdır. Ölkə iqtisadiyyatı çökür, Ermənistan bir çox enerji layihələrindən tamamilə kənarda qalıb. Bu gün Ermənistan iqtisadiyyatı qonşu xarici dövlətlərdən bilavasitə asılıdır. İqtisadiyyat getdikcə daha da çökür”.

Deputat qeyd edib ki, pandemiya ilə mübarizə və insan hüquqları sahəsində də bu ölkədə vəziyyət yaxşı deyil:

“Davamlı olaraq insan hüquqları pozulur. Günü-gündən korrupsiya faktları artır. Bir çox biznes sahələri baş nazir özü nəzarət edir. İnsan hüquqları sahəsində də Ermənistanda vəziyyət yaxşı deyil, insan hüquq və azadlıqları ciddi pozulur, siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər var. Ermənistanda pandemiya ilə mübarizə sahəsində də vəziyyət yaxşı deyil. Ermənistan bu sınaqdan üzüağ çıxa bilmədi”. 

Millət vəkili bildirib ki, Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi:

 “Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, fond yaratdı. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi. Ermənistanda isə vəziyyət tamamilə nəzarətdən çıxdı, bu ölkə pandemiya ilə effektiv mübarizə apara bilmədi. Pandemiyanın yayılmasının nəzarətdən çıxması, baş nazirin yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafı bu fikri bir daha təsdiq edir. Ermənistanı həyata keçirdiyi şovinist siyasət səbəbindən hələ çox faciələr gözləyir. Ermənistanın inkişafı bilavasitə Azərbaycan torpaqlarını işğaldan azad etməkdən keçir. Başqa yol yoxdur. Ermənistan özü də bunu yaxşı anlayır”.