“Milli Şura qırmızı xətti keçir” – Sabiq müşavir

Paşinyan “mələk donu” geyinsə də dünyanın ən mənfur insanlarından fərqlənmir”

“Milli Şuranın üzvləri bunu görmürlərsə, deməli, onların düşmənlərdən heç bir fərqi yoxdur”


Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası, Milli Şuranın rəhbərləri və xaricdə yaşayan bəzi fəallar müəyyən iddiallarla çıxış edirlər. Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqına Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir.

Milli Şuranın sədri Cəmil Həsənli, bu qurumda təmsil olunmuş digər fəallar, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslər özlərinin antimilli siyasətlərindən əl çəkmirlər. Onlar Ermənistan işğalçı siyasətini dəstəkləməkdən, hətta vətənlərini ləkələməkdən də çəkinmirlər. Milli Şuranın son videokonfransında yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini dəstəkləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. 
 
Bu xoşagəlməz vəziyyətlə  “Sherg.az”a danışan politoloq, sabiq müşavir Qabil Hüseynlinin fikrincə, belə əməllər yolverilməzdir:

“Milli Şuranın reaksiyası heç bir hədəqəyə sığmır. Əli dirsəyə qədər qana batmış, bir milyondan çox insanı etnik təmizləməyə məruz qoymuş hakimiyyəti dəstəkləmək nə deməkdir?! Ermənistan Azərbaycana qarşı şovinist mövqə sərgiləyir, ünvanımıza nalayiq ifadələr işlədir. Milli Şuranın üzvləri isə onları müdafiə edirlər. Bu, qırmızı xətti keçmək deməkdir. Milli Şuranın üzvləri öz cərgələrini dəyişiblər. Özünə azərbaycanlı deyən, vətəni ilə fəxr edən heç kim belə mövqe sərgiləməməlidir. Paşinyan mələk donu geyinib, müqəddəslərə xas formada birdən-birə təzahür etsə də, dünyanın ən mənfur insanlarından fərqlənmir. Əgər Milli Şuranın üzvləri bunu görmürlərsə, deməli, onların düşmənlərdən heç bir fərqi yoxdur”.