“İlham Əliyev Paşinyana tarix dərsi keçdi”

“Beynəlxalq toplantılarda Ermənistan, ümumiyyətlə, çətin durumda qalır”


“Cənab Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə müstəvisində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü 160 ölkə tərəfindən dəstəkləndi”. 
Bunu “Sherg.az”a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
QHT rəhbəri qeyd edib ki ki, gözlənildiyi kimi sadəcə işğalçı Ermənistan dövlət başçısının bu humanist təklifinə qarşı çıxdı və dəstək vermədi: 

“Dünyada COVID-19 pandemiyası ilk vaxtlarında beynəlxalq səviyyədə səssizlik hökm sürürdü. Sanki hər bir dövlətin başı öz problemlərinə qarışmışdı. 
Belə bir zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülməyə və əməli addımlar atılmağa başlanıldı. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. 
Bu zirvə görüşünün də təşəbbüskarı də məhz Azərbaycan Prezidenti İlham Əliyev idi. Başqa bir Beynəlxalq Zirvə görüşü yenə də Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildi.
 
Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin çağırışı ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil olundu. 


Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təşkilatdır”.



C.Hüseynzadənin sözlərinə görə, məhz bu Zirvə görüşündə dövlət başçısı İlham Əliyev tərəfindən yeni və daha qlobal təşəbbüs irəli sürüldü: 

“Prezident təklif etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilsin. Bildiyimiz kimi hər il  BMT-nin illik iclasları keçirilir. Lakin xüsusi sessiyalar məhdud sayda çağırılır və bu sessiyaların çağırılması üçün Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin dəstəyi vacibdir. Məsələ ondadır ki, pandemiya qlobal problemdir və bütün insanlığı əlaqədar edir. Yəni sadəcə Azərbaycanla bağlı məsələ olsaydı, İrəvanın yanaşmasını başa düşmək olardı. Həm də nəzərə alınmalıdır ki, elə pandemiyadan ən çox ziyan çəkən məhz işğalçı Ermənistandır. Koronavirus onsuz da kasıb ölkə olan Ermənistanı daha da çökdürüb. Sadəcə, Ermənistanın siyasi rəhbərliyində qorxu sindromu var. Bu qorxu  2016-ci il hərbi əməliyyatları, 2018-ci il Günnüt əməliyyatı çərçivəsində formalaşıb”.

Birlik sədri vurğulayıb ki, Ermənistanın hazırki baş naziri Paşinyanda qorxu sindromu bir qədər əhatəlidir: 

“Prezident İlham Əliyev Paşinyanla qarşılaşdığı bütün beynəlxalq tədbirlərdə erməni rəhbərini çıxılmaz vəziyyətə salır. Xatırlasaq, 2019-cu ilin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında İlham Əliyev konkret faktlarla Ermənistanı faşistlərə yardım edən Qaregin Njdeyə abidə qoyması ilə fasımı dəstəkləməsini sübut etdi. 2020-ci ilin fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində İlham Əliyev Paşinyan tarix dərsi keçdi. 2020-ci ilin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitdə İlham Əliyev dəlillərlə, erməni rəhbərini dinməz və sakitcə yerində oturmağı tövsiyə etdi. Bu kimi xeyli faktlar var ki, beynəlxalq toplantılarda Ermənistan, ümumiyyətlə, çətin durumda qalır”. 

Cəsarət Hüseynzadə bəyan edib ki, Ermənistan işğalçı və qonşularına qarşı ərazi iddiaları olan bir dövlətdir: 

“Başqa bir məqam ondan ibarədir ki, Paşinyan populist, savadsız, beynəlxalq  ictimai çəkisi olmayan bir şəxsdir. Erməni rəhbərin beynəlxalq tədbirlərə siyasi manevr bacarıqları da yoxdur. Əslində, Ermənistanın bu addımı gözlənilən idi. Çünki Ermənistan heç bir vaxt beynəlxalq təşəbbüslə çıxış etməyib və belə təşəbbüslərə dəstək verməyib. Bundan başqa Paşinyan ilk növbədə öz siyasi hakimiyyətinin qorumaq məqsədilə bu addımı atır. Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin bu təşəbbüsü ümumbəşəri bir bəla ilə mübarizə kontekstində beynəlxalq münasibətlər tarixinə düşəcək. Bu təşəbbüsə 160 yaxın dövlətin qoşulması COVİD -19 pandemiyası ilə mübarizədə beynəlxalq səylərin biləşdirilməsi zərurətini bir daha sübut edir”.