Cocuqların günahı nə ?! - Kimisi arxa düşür, kimisi də maşının altına ...!

“Uşaqları tək və nəzarətsiz buraxmaq olmaz. Bunu hər bir valideyn bilməlidir” 

“Körpə yaşından uşaqların təhlükəsizliyinə dair ən incə məqamlara fikir vermək lazımdır”


Qəbələ rayonunda iki yaşlı qız arxda boğulub. Hadisə rayonun Məmmədağalı kəndində baş verib.
2018-ci il təvəllüdlü Qəmər Əsədovanın meyiti evlərinin yaxınlığında tapılıb. Yaxınlarının verdiyi məlumata görə, Q.Əsədova həyətyanı sahədən keçən arxdan su götürərkən yıxılıb. O, arxa düşüb və boğularaq ölüb.

Neftçala rayonunda da azyaşlı uşaq ölümü baş verib. Hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus “QAZel” markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.



Baş verən hadisələrlə dair fikirlərini “Sherg.az”la bölüşən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, uşaqları tək və nəzarətsiz buraxmaq olmaz. Bunu hər bir valideyn bilməlidir. Ekspertin sözlərinə görə, uşaqlar tək qalarsa, başlarına bədbəxt hadisələrin gəlməsi qaçılmaz olar:

“Ona görə də valideynlər uşaqları nəzarətsiz qoymalı deyil. Baş verən hadisələrdə söhbət valideyn məsuliyyətindən gedir. Ümumiyyətlə, insanlar qaydalara əsasən də təhlükəsizlik qaydalarına biganə yanaşırlar. Amma bunu uşaqlar üzərində etmək olmaz, onlara daha həssas yanaşmaq lazımdır. Uşaqlarla bağlı olan hadisələrə və qəzalara baxanda görürük ki, onların böyük əksəriyyəti nəzarətsiz qaldıqları üçün baş verib. Nəticədə uşaqlar böyük xəsarət alır hətta ölüm halı baş verir”.

E.Nurəliyev qeyd edib ki, uşaqlara hələ körpə yaşlarından təlim-tərbiyə edilməlidir:

“Onlara nəyin düzgün və yanlış olduğu başa salınmalıdır. Düzdür, bütün bunlara deyildiyi kimi asan deyil. Amma müəyyən yollar və metodlarla uşağa təsir imkanları var. İlk növbədə şəraiti yaratmaq lazım deyil. Hadisələr nədən baş verir? Əvvəlcə şərait yaranır, ondan sonra hadisə baş verir. Dəfələrlə şahidi olmuşuq ki, validyenlər özləri uşağa qayda pozmağın yollarını göstərirlər.

Məsələn, ata uşağı avtomobildə qabaq oturacaqda otuzdurur və heç təhlükəsizlik kəmərini taxmır. Validyen özü buna şərait yaradır ki, uşaq qayda pozuntularına alışsın. Uşaqlar da elə bilir ki, belə olmalıdır”.

Ekspertin fikrincə, uşaqlara müəyyən məqamlar körpə yaşlardan izah olunmazsa, onların böyüdükcə qaydalara əks reaksiyalar verməsi qaçılmazdır:
“İstər istirahət mərkəzlərində, istər parklarda validyenlərin çoxunun necə rəftar etdiyini görürük.

Ona görə nəyin doğru və ya səhv olduğunu kənardan analiz edə bilirik. Bədbəxt hadisələrin baş verməməsi üçün körpə yaşından uşaqların təhlükəsizliyinə dair ən incə məqamlara fikir vermək lazımdır”.