“Siyasi təşkilatlar üçün münbit ortam yaradılır”  

“Daha 3 siyasi partiyanın qeydiyyata alınmasını son günlərin ən ürəkaçan hadisələrindən biri hesab etmək olar”. 
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Ə.Hüseynov Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın rəhbərlərini, üzvlərini bu partiyalara dövlət reyestrindən çıxarışların verilməsi münasibətilə təbrik edib: 

“Müxalif  və ya iqtidaryönümlü olmalarından asılı olmayaraq yenicə qeydiyyata alınmış partiyaların hər birinə siyasi fəaliyyətlərində uğurlar diləyirəm. Ədliyyə Nazirliyindən də bildirildiyi kimi bu addım Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafının nəticəsidir. 



Həmçinin, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsinin və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasının təzahürüdür. Siyasi sistemdə təşəkkül tapmaqda olan yeni konfiqurasiya artıq öz müsbət nəticələrini verir”. 

Partiya rəhbəri vurğulayıb ki, siyasi təşkilatın normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır: 

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizin siyasi mühitinin demokratikləşdirilməsi və optimallaşdırılması istiqamətində olduqca mühüm addımlar atır. Dövlətimiz siyasi subyektlərin sağlam mübarizə aparmasına şərait və zəmin yaradır. Beləliklə, siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur. Bu cür müsbət tendensiyaları əlbəttə ki, alqışlamaq lazımdır”.