Uyğur türklərinə qarşı Çin zülmünü durdurmağın TƏK YOLU... - ŞƏRH 

“Ankara bu məsələdə təkləndiyi üçün Çinin qarşısında çox şeyə nail ola bilmir”

“Bütün ölkələr vahid mövqedən çıxış etməlidir”

“O zaman Çin dünyanın hədəfinə çevrilmək riskini almayacaq və məcburən bu siyasətdən imtina etməli olacaq”



Çin rejiminin uyğur türklərinə qarşı vəhşiliyi davam edir. Milyonlarla uyğur məhkəmə edilmədən saxlanıldığı Çin düşərgələrində ağır təhqir və işgəncələrə, psixoloji və fiziki təzyiqlərə məruz qalır. Onlar zorla “çinliləşdirilir”, komunistləşdirilir və milli-dini mənsubiyyətləri unutdurulmağa çalışılır. Pekin hökuməti uyğurların “kökünü kəsmək” üçün bütün iyrənc metodlardan istifadə edir.

Uyğurlara tətbiq edilən dəhşətli təzyiq üsullarından biri də məcburi doğum kontroludur. Hökumət bununla uyğur nüfuzunun artmasının qarşısını almağa çalışırlar. Son günlər bu məsələ daha sistematik hala gətirilib. Təəssüflər olsun ki, dünyanın gözü önündə yaşanan dəhşəti əksər dövlət və təşkilat görməzdən gəlir. Ara-sıra ABŞ prezidenti Donald Tramp məsələni gündəmə gətirərək, Çinin əleyhinə açıqlamalar verir. Uyğurların zülmə məruz qalmasını ən çox gündəmə daşıyan qardaş Türkiyədir. Lakin reallıq odur ki, Ankara da hələlik bəyanatlarla kifayətlənmək məcburiyyətində qalır. 

Uyğurlara qarşı zülmü “Sherg.az”a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı deyib ki, Çin hazırda dünyanın nəhəng güclərindən biridir. Bu, həm iqtisadi, həm də siyasi baxımdam inkaredilməz faktdır. Partiya rəhbəri bildirib ki, müasir dünya nizamında Çin bir çox hallarda Amerikadan sonra ikinci əsas güc hesab edilir: 

“Çinin ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri bəllidir. Bu reallığı dünya ölkələri ilə yanaşı, Pekinin özü də yaxşı bilir. Odur ki, güc faktorundan özünün maraqları üçün istifadə etməyə çalışır. Uyğur türkləri məsələsi Çin üçün “Axilles dabanı”dır. Çin hakimiyyəti bu məsələni qeyri-insani və anti-demokratik formada olsa da birdəfəlik “həll etməyə” çalışır. Gözəl bilirlər ki, dünyanın bir çox ölkələri uyğur türklərinə görə Çinlə qarşı-qarşıya gəlməyi gözə almayacaq. Reallıq çinlilərin yanılmadıqlarını deməyə əsas verir. Çin hökuməti illərdir uyğur türklərinin başına minbir oyun açır. Hətta dolayı yolla soyqırımı belə törətməkdən çəkinmir. Ancaq buna rəğmən, nə dünya ölkələrinin, nə də beynəlxalq təşkilatların xüsusi təsirli etirazları ilə qarşılaşmırlar”. 

T.Abbaslının fikrincə, sadəcə Türkiyə nəsə etməyə çalışır: 

“Ankara bu məsələdə təkləndiyi üçün Çinin qarşısında çox şeyə nail ola bilmir. Həmçinin, iqtisadi baxımdan Türkiyə Çinlə üzbəüz duracaq qədər güclü deyil. Ona görə də sona qədər getmir. Kiçik dövlətlərin isə bu məsələdə mövqeləri ümumiyyətlə dayanaqlı ola bilməz. Uyğur türklərinə qarşı Çinin yürütdüyü qeyri-insani siyasəti durdurmağın tək yolu bütün ölkələrin vahid mövqedən çıxış etməsidir. O zaman Çin bütün dünyanın hədəfinə çevrilmək riskini almayacaq və məcburən bu siyasətdən imtina etməli olacaq. Əks təqdirdə uyğur türklərinin taleləri qeyri-müəyyən olaraq qalacaq”.