“Dağlıq Qarabağdakı ermənilər haqqında “xalq” sözünün işlədilməsi yolverilməzdir” - AKTUAL

"Orada yaşayanlar xalq yox, etnik qrupdurlar"

"Beynəlxalq hüquqa görə etnik qrupun öz müqəddatını həll etmək hüquq yoxdur" 

“Ermənistan bir dəfə öz müqəddaratını həll edərək dövlət qurub, ikinci belə imkan qeyri-mümkündür”




“Otuz ildir, tərəflərin mövqeyi eynidir. Dağlıq Qarabağ problemi ilə bağlı tərəflər araında rəsmi müharibə elan olunmayıb. Münaqişəyə münasibət də fərqlidir. Azərbaycana görə, bu, dövlətlərin ərazi bütövlüyü məsələsidir. Ermənistan isə məsələyə xalqların öz müqəddaratını həll etmək prizmasından yanaşır”.

Bunu “Sherg.az”a Azərbaycan-Ermənistan XİN başçılarının dünən baş tutan görüşünü şərh edərkən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib. Ekspert qeyd edib ki, əslində Ermənistan üçün xalqların öz müqəddarını həll etmək hüququ illər əvvəl tanınıb:

“Sadəcə iş ondadır ki, hazırda orada yaşayanlar xalq yox, etnik qrupdurlar. Və beynəlxalq hüquqa görə etnik qrupun öz müqəddatını həll etmək hüquq yoxdur. Keçən il baş tutan Moskva danışıqlarına əsasən yeddi rayon Azərbaycana qaytarılmalı, sırf  Dağlıq Qarabağ məsələsinin həll isə sonraya saxlanılmalı idi.

Eyni zamanda göstərilirdi ki, tərəflərdən başqa, digər ünsürlər, o cümlədən Dağlıq Qarabaqda yaşayan ermənilər münaqişəyə müdaxilə edə bilməzlər. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağda yaşayan ermənilərin məsələyə qarışması və onlar haqqında “xalq” sözünün işlədilməsi yolverilməzdir. Ermənistan bir dəfə öz müqəddaratını həll edərək dövlət qurub, ikinci belə imkan qeyri-mümkündür”.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə onlayn görüşü keçirilib. Ermənistan XİN-in görüşün yekunu barədə yaydığı açıqlamada Azərbaycanın “qeyri-konstruktiv bəyanatlarına” istinad olunur. Eyni zamanda, Qarabağ “xalq”ının təhlükəsizliyindən bəhs edilir.