İndi həmrəylik vaxtıdır ! - “"Qəhrəmanlıq" yox, mədəniyyət tələb olunur”

Koronavirusa ancaq əxlaq və intellektlə qalib gəlmək olar"


Koronavirus “ateizmi” davam edir. Bəzi insanlar baş verənləri, ölümləri hələ də şirin yalan, nağıl kimi qəbul edirlər. Bircə göydən üç almanın düşməsini gözləyirlər...
 Amma başa düşmək lazımdır ki, həyat novella deyil. Və indi baş verənlər nə Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy”, nə də Əbdürrəhim bəy Haqverdiyevin “Poçt qutusu” hekayələri kimi gözlənilməz sonluqla yekunlaşıb, bizi təəccübləndirməyəcək. Son indidən məlumdur-əgər məsuliyyətsizlik və inamsızlıq davam etsə, bizi çox böyük bir faciə gözləyir. 

 Görkəmli şair Qəşəm Nəcəfzadə sosial izolyasiya tədbirləri barədə “Sherg.az”a danışarkən deyib ki, koronavirusa qalib gəlməyin yeganə yolu var:

“Mən verilən qaydalara, tövsiyələrə ilk vaxtlardan etibarən əməl edirəm. Tibbi maskasız, əlcəksiz çölə çıxmıram. Pandemiya dövründə iki dəfə avtobusa minmişəm. Gördüyüm mənzərə qarşısında sözün əsl mənasında mat qalmışam. Məndən başqa hər kəs maskasız idi. Özümü saxlaya bilməyib, etiraz etdim ki, deməli, mən xəstəyəm?! Maska taxsanız, bununla da özünüzlə yanaşı, yaxınlarınızı, əzizlərinizi, qohum-qonşunuzu qorusanız xəncərinizin daşı düşməz ki?! Vallah, maska taxmamaq qəhrəmanlıq deyil. Ümumiyyətlə, indi qəhrəmanlıq yox, əxlaq tələb olunur. Ancaq əxlaq və intellekt koronavirusa qalib gələcək”. 

  Q. Nəcafzadənin fikrincə, indi birlik, həmrəylik vaxtıdır:


“Təkcə yaşlılar yox, cavanlar da bu xəstəliyə yoluxur və dünyalarını dəyişirlər. Düzdür, dövlət müvafiq addımlar atır. Amma əsas məsələ sosial məsuliyyət hissindədir. Belarusiyanın prezidenti Aleksandr Lukaşenko deyib ki, bu, ABŞ-la Çinin birgə layihəsi, kimyəvi silahdır. Amma nə olursa olsun, fərqi yoxdur. Biz istənilən halda özümüzü qorumalı, məsuliyyət və əxlaq hissimizi itirməməliyik. Bu günlərdə “Facebook”da bir foto gördüm. Planetin üzünə ağ maska keçirmişdilər. Doğrudan da, belədir. İndi bəşəriyyətin, bütün ölkələrin bir bayrağı var-maska. Pandemiyadan başqa hər şey- müharibələr, siyasi həmlələr... unudulub”. 

 Şair pandemiyanın nəticələrindən də danışdı:

“Dünyanın düzəni dəyişib. Bütün dəyərlər yenilənib. Bir şair kimi mənim şeirə münasibətim də indi başqa cürdür. Bu, təhlükəlidir. Odur ki, futbolda rəqiblə mübarizə apardığımız kimi, koronavirusla da elə oynamalıyıq-onu aldatmalı, gecikdirməli, ləngitməli və qalib gəlməliyik”.