Azərbaycançılıq ideyası dünya azərbaycanlıları arasında təbliğ olunacaq

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsinin icrasına başlayıb. 
Bu barədə “Sherg.az”a Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə məlumat verib. 
Jurnalist bildirib ki, iyul-noyabr aylarında həyata keçiriləcək layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihənin məqsədinə uyğun olaraq, aşağıdakı vəzifələrin reallaşdırılması nəzərdə tutulub:

“Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi, soydaşlarımız arasında azərbaycançılığı təbliğ etməklə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət ediləcək. Həmçinin diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyi artırılılacaq, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların ictimai-siyasi fəallığı gücləndiriləcək”.

Layihə çərçivəsində azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyi üçün ideoloji bünövrə olması, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği mövzusunda yazılar hazırlanacaq. Həmin yazılarda, müsahibələrdə və açıqlamalarda  azərbaycançılığın dünya azərbaycanlılarının milli birliyinin təminatında rolu ictimailəşdiriləcək. Bu ideologiyanın hər bir azərbaycanlının vahid çətir altında birləşdirilməsi ideyasının uğurları təhlil olunacaq.

Hazırlanacaq müsahibələr əsasında “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabça nəşr olunacaq. Bu kitabça 5 qitədəki soydaşlarımıza göndəriləcək. Həmçinin, kitabça Azərbaycandakı aidiyyəti qurumlara və kitabxanalara paylanılacaq.