Azərbaycan polisi ! -Xalq və dövlətçiliyə sədaqət nümunəsi...

“Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputat bildirib ki, tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib:



“Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib. Polis dövlət idarəçiliyi sisteminin ana xəttini təşkil edir. Çünki qanunun aliliyi təmin edilmədən ictimai asayişi, təhlükəsizliyi qorumaq, sabitliyə, inkişafa nail olmaq mümkün deyil.

2 iyul - Polis Günü daxili işlər orqanlarının yaradılması və peşə bayramı kimi qeyd edilir. Bu əlamətdar günün qeyd olunmasının əsası ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 iyun tarixində imzaladığı Sərəncamla qoyulub.  Ümummilli lider hər zaman hazırkı Azərbaycan Respublikasını 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi və siyasi varisi hesab edirdi. Ona görə də ölkəmizdə polis orqanlarının yaradılmasının tarixi də AXC-nin yaranması ilə təqribən üst-üstə düşür. Bu gün yaradılmasının 102-ci ilini bayram edən Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçib”.

A.Məmmədov vurğulayıb ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçib:

“Təbii ki, polisin şanlı tarixinin ən mühüm mərhələləri, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi.

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli liderin başladığı böyük quruculuq işləri digər sahələrdə olduğu kimi, daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı. Azərbaycan polisi Heydər Əliyevin rəhbərliyi altında qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində fəal iştirak edərək xidməti vəzifələrin öhdəsindən fədakarlıqla gəldilər. Ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, mütəşəkkil cinayətkar qrup və dəstələrin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında qətiyyət və peşəkarlıq nümayiş etdirdilər”.

Millət vəkili qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir:

“Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir. Son aylarda isə xüsusən də  koronavirus pandemiyası dövründə polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, sələflərinin ənənələrinə sədaqətliliyini hər bir Azərbaycan vətəndaşı gördü. Hər kəs bir daha əmin oldu ki, Azərbaycan polisi bu çətin günlərdə şərəf və ləyaqətlə öz vəzifə borcunu yerinə yetirir. Arxada qoyduğumuz illərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil”.