"Maska taxmayana müharibə iştirakçısı irad bildirəndə sözü kəsərli, keçərli olur" - Qarabağ qazisi

"Əllə görüşməyi özümüzə yasaqlamışıq. Bir-birimizi görəndə əlimizi ürəyimizin üstünə qoyub salamlaşırıq"

 Koronavirus pandemiyası ictimai nəzarət və vətəndaş məsuliyyətinin necə önəmli olduğunu gğstərdi. Məsuliyyətsizliyi bütün əhali qruplarına şamil etmək firkindən, təbii ki, uzağıq. Virus təhlükəsini, pandemiyanın dövlətimizə, ümumən gələcəyimizə hansı ziyanlar vura biləcəyini dərk edib karantin qaydalarına ciddi əməl edən və bunu digərlərindən də tələb edən, ictimai nəzarət funksiyasını üstlənən vətəndaşlarımız kifayət qədərdir.

Bu sırada öndə gedənlər arasında əlbəttə ki, Qarabağ müharibəsinin iştirakçıları – qazilərimiz də var. Hələ pandemiyanın ilk mərhələsində Qarabağ qaziləri könüllü olaraq ictimai nəzarəti həyata keçirməkdə hüquq-mühafizə orqanlarına kömək etməyə hazır olduqlarını bildirmişdilər. Nəzərə alsaq ki, yoxlanış postları artıq ləğv edilib, sosial məsuliyyət nöqteyi-nəzərindən vətəndaşların üzərinə indi daha böyük məsuliyyət düşür. Bu vəziyyətdə qazilər
ictimai nəzarət funksiyanı necə yerinə yetirir? 

Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev “Şherg.az”a açıqlamasında qazilərin nizam-intizam məsələlərində çoxlarına örnək olduğunu dedi: 

- Karantinin ilk günlərindən Qarabağ Qaziləri İctimai Birliyi bütün qazilər adından Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etdik və əlaqədar qurumlarla Operativ Qərargahın təlimatlarına uyğun şəkildə əməkdaşlığa hazır olduğumuzu bildirdik. Biz könüllülük prinsipinin nə olduğunu bilirik. Çünki Azərbaycanın ilk könüllüləri bizik; biz cəbhəyə könüllü getmişik, ilk ərazi özünümüdafiə batalyonlarının əsgərləri olmuşuq. Müharibənin dəhşətlərini görmüş, səngər həyatı yaşamış qazilər hər cür situasiyaya hazır insanlardır. Bizim üçün gözlənilməz vəziyyət yoxdur. Təcrübəmiz, keçdiyimiz çətin yol imkan verir ki, pandemiya dövrünün çətinliklərini atladaq, qayda-qanunlara riayət olunmasına nəzarət edək. Koronavirusla Mübarizə məqsədilə yaradılmış Fonda qazilərimiz imkanları daxilində maddi vəsait köçürdülər. Bununla da dövlətimizə pandemiya ilə mübarizədə cüzi olsa da köməyimizi göstərdik, həmişə olduğu kimi yenə həmrəyliyimizi ifadə etdik. 

-  Sizcə, hazırda vəziyyət necədir? 

-  Bilirsiz, ilk vaxtlar vəziyyət qənaətbəxş idi. Yoluxma sayı da az idi. Görülən tədbirlər nəticə verirdi. Amma karantin qaydaları yumşaldılandan sonra yoluxmaların sayı artdı. Məncə, bu, bəzi kafe, restoranlaırn, metronun açılması, metrodan bəzi vətəndaşlarımızın maskasız  istifadə etməsi, sosial məsafənin gözlənilməməsi və marşrut xətlərindəki avtobusların sayının azlığı ilə bağlı oldu. Metropoliten bağlı olduğu günlərdə marşruta daha çox avtobus buraxılmalıydı ki, sıxlıq yaranmasın. Amma əksini elədilər, avtobusların sayı azaldıldı, bu da sıxlığa səbəb oldu, nəticə də göz önündədi. Sonra təkrar qaydalar sərtləşdirildi. Qaydalara hamı əməl etməlidir. 3 əsas şərt var; maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya. Burda çətin bir şey yoxdu. Bizim kimi müharibə insanları üçün  qaydalara əməl etmək asandır.  Çünki biz hər çətinliyi görmüşük. Amma bəzi insanlar virusa inanmırlar, əsasən də gənclər. Bizə də məhz gənclər lazımdı. Torpaqlarımızın işğaldan azad edilməsində gənclər əsas aparıcı qüvvə olacaq. Biz qazilər döyüş təcrübəmizi, döyüş taktikasını öyrətməyə hazırıq. Keçdiyimiz döyüş yolu var. Amma bu gün gənclərimiz, ümumiyyətlə xalqımız özünü qorumalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsini, əsir və girovlarımızın geri alınmasını həyata keçirə bilək.

– Bilirsiniz ki, patrol postları artıq ləğv edilib. Belədə ictimai nəzarətə daha çox ehtiyac yaranır. Yerinə yetirə bilirsiniz?           

- Pandemiya başlanandan birliyin bütün üzvlərinə, şöbə sədrlərinə xəbərdarlıq etdik ki, yalnız ciddi ehtiyac yarandıqda bir yerə toplaşma olacaq. Ofisə gəlməsək də qazilərimizin problemləri ilə məşğul olmaqda davam edirik. Ehtiyacı olanlara yardımların paylanmasını təşkil edirik. Bakı qeydiyyatı olmayan, lakin məcburi köçkün olan qazilərimizin ev problemi əsas məsələdir. Çalışırıq ki, belə qazilərimiz Qobu-3 yaşayış massivində mənzillə təmin edilsinlər. Hamı maska taxır, əllə görüşməyi özümüzə yasaqlamışıq. Bir-birimizi görəndə əlimizi ürəyimizin üstünə qoyub salamlaşırıq. Qaldı ki, ictimai nəzarəti yerinə yetirməyə, ətrafımızda olanlara, rastlaşdığımız adamlara çalışırıq vəziyyəti başa salaq ki, ehtiyatlı olsunlar. Maska taxmayan, qayda pozuntusu edənlərə irad bildiririk. Bir var polis əməkdaşı vətəndaşa yaxınlaşıb irad bildirir, yeri gələndə cərimə yazır, bir də müharibə iştirakçısı – qazi irad bildirir. Müharibə görmüş adamın sözü kəsərli, keçərli olur. Bacardığımız qədər çalışırıq.       

- “Qarabağ qaziləri” İctimai birliyi BMT-nin Sosial İqtisadi Şurasına üzvlüyə qeydə alınıb. Ötən dəfə bu barədə məlumat verildi. Siz də belə açıqlama vermişdiniz ki, Şuraya üzvlük işğal faktının qazilərin səsiylə beynəlxalq aləmə çatdırılmasın imkan verəcək…  

- Bəli. Təşkilatın quruma üzvlüyü ilə bağlı məsələyə ECOSOC QHT Komitəsinin 19 ölkə təmsilçisindən ibarət növbəti geniş sessiyasında baxılacaq. Şuraya üzvlüyə qəbul Qarabağ qazilərinin müraciəti əsasında oldu. Üzvlüyümüz təsdiqləndikdən sonra biz işğal faktı, işğal altındakı ərazilərimizdə törədilən vandalizm aktları, məcburi köçkünlər, müharibə əlillərinin sosial-iqtisadi problemlərini, eyni zamanda hüquqlarının müdafiəsini yüksək tribunalardan, çoxminli qazi ordusu adından səsləndirə biləcəyik. Belə məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsinə həmişə ehtiyac var. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlığın  genişləndirilməsi faydalıdır.