“Qaydalara uymayanlara qarşı ictimai qınaq mütləqdir” 

“Hamı özünü və ailəsini qorusa, xəstəliklə cəmiyyət halında mübarizə apara bilərik” 


“İslam dini hər kəsi ictimai məsələdə fəal olmağa çağırır”. 
Bunu “Sherg.az”a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib. 
İlhaiyyatçı bildirib ki, “Quran”dakı bütün dualar ictimaidir: 

“Fatihə surəsinin 5-6-cı ayələrinə fikir verək. Həmin ayələrdə deyilir ki, “Yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəlt”. Bu kimi ayələr “Qurani-Kərim”də çoxdur. “Quran” fərdi deyil, ictimai məsələlərə önəm verir. Cəmiyyətdə olan hər hansı çətinliyi, problemi fərd deyil, toplum halında aradan qaldırmaq mümkündür. Bu gün Azərbaycanda geniş yayılan koronavirus xəstəliyinə qarşı mübarizə aparan əsas qüvvə həkimlərdir. O baxımdan cəmiyyət həkimlərə dəstək olmalıdır. Hamı özünü və ailəsini qorusa, onları məlumatlandırsa, xəstəliklə cəmiyyət halında mübarizə apara bilərik”. 

R.Məmmədovun sözlərinə görə, qaydalara uymayan şəxslərə qarşı ictimai qınaq mütləqdir: 

“Əksər ölkələrdə ictimai nəqliyyatda telefonla hündürdən danışan şəxsə belə cəmiyyət irad bildirir. Bizdə də buna bənzər hallar yaşanır. Bu, çox yaxşı əlamətdir. Toplum özü-özünü maarifləndirir, tərbiyələndirir. Əgər adi etik davranış üçün bunu ediriksə, bəşəriyyət üçün təhlükəli olan koronavirusa qarşı mübarizədə daha həssas və ciddi olmalıyıq. Bu məsələdə laqeydliyə, biganəliyə yer yoxdu”.