"Kimisi istirahətə gedir, kimisi toy-nişan edir” - Təhlükəlidir ! 

“Məsuliyyətsiz davranışı ilə cəmiyyətə ziyan vuran şəxslərə qarşı ictimai qınaq olmalıdır”

“Onlar daha çox müzakirə olunmalıdır. Çünki tək-tək biz bütün problemlərin öhdəsindən gələ bilməyəcəyik”


"Sosial şəbəkədə koronavirusla bağlı yayılan şayiələr cəmiyyətə çox böyük ziyan verir, insanları yanlış yola yönəldir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi, "Milli.az" saytının baş redaktoru Anar İmanov deyib.
Ekspert bildirib ki, bu cür təxribatlara son qoymaq lazımdır:

"Təcili tibbi yardım maşınları gec də gələ bilər, heç gəlməyə də bilər. Xəstəxanalar dolubsa, yoluxanların sayı artıbsa, təcili tibbi yardım maşınlarının yubanmasında təccüblü bir şey yoxdur. Eyni hallar başqa dövlətlərdə yaşanır. Ən çox narazılıq Avropanın inkişaf etmiş ölkəsi İtaliyadan gəlirdi ki, xəstaxanalarda yer yox, yaşlı insanlar ölümə tərk edilir və s.

Müalicə də bəzi hallarda qənaətbəxş olmaya bilər. İstənilən ölkələrdə həkimlərin sayı sonsuz deyil. Deməli pandemiya dövründə, xəstəliyin, yoluxmanın artdığı zamanda kimsə müalicəsiz, həkimsiz də qala bilər. Məhz bunu nəzərə almaq lazımdır".



A.İmanov vurğulayıb ki, hazırda həkimlərimiz fədakarcasına xəstəliklə mübarizə aparırlar:

"Aylarla xəstəxanaları tərk etmirlər ki, biz sağalaq, sabaha ümidlə baxaq. Bununla bağlı reportajları mediadan izləmişik. Bizim onlara bircə köməyimiz ola bilər. Daha məsuliyyətli olub, bütün qaydalara qeyd-şərtsiz riayət etməklə onlara dəstək olmuş olarıq. Yaxşı olardı ki, fədakar həkimlərin ünvanına təxribatçı şayiələri yazmaqdansa, qoy hər kəs daha məsuliyyətli olsun və qaydalara riayət etsin. Başqalarını da məsuliyyətli davranmağa məcbur etsinlər".

Baş redaktorun sözlərinə görə, hər gün mediada məsuliyyətsiz insanlar haqda oxuyuruq:

"Kimsə istirahətə gedir, başqası toy-nişan mərasimləri təşkil edir. Bu hallar çox təhlükəlidir. Məsuliyyətsiz davranışı ilə cəmiyyətə ziyan vuran şəxslərə qarşı ictimai qınaq olmalıdır. Onlar daha çox müzakirə olunmalıdır. Çünki tək-tək biz bütün problemlərin öhdəsindən gələ bilməyəcəyik. Biz birlikdə güclüyük!".