“Sərt karantin tədbirləri insanların sağlamlığı üçündür”

"Dünya ölkələri koronavirusa qarşı müəyyən metodlarla mübarizə aparır".
Bu sözləri "Sherg.az"a millət vəkili Naqif Həmzəyev deyib. 
Deputat təəssüflə bildirib ki, mübarizə formaları bəzi hallarda müəyyən dövr üçün effektiv olsa da, sonradan öz əhəmiyyətini itirməyə başlayır:

"Avropanın inkişaf etmiş bəzi ölkələri az qala virusa qalib gəldiklərini elan etdikləri ərəfədə ikinci dalğa baş verdi. Nəzərə alaq ki, hələ virusun peyvəndi tapılmayıb. O səbəbdən insanlar həyat tərzini dəyişməlidir. Virusla mübarizədə istənilən önləyici tədbiri sınaqdan keçirməliyik. Azərbaycan dövləti insanların sağlamlığını qorumaq üçün lazım olan bütün addımları atıb və artmaqda davam edir.



Birbaşa Prezidentin nəzarəti ilə qısa zaman kəsiyində 5 modul tipli xəstəxananın istifadəyə verilməsi virusla mübarizədə mühüm addımdır. Çarpayı sayının artırılması və müasir texnoloji tibbi avadanlıqların təminatı dövlətin insanlarımızın sağlamlığına həssas yanaşmasının bariz nümunəsidir. Eyni zamanda tibbi maskaların və digər qoruyucu vasitələrin istehsalı da dövlətimizin insan sağlamlığına olan diqqətidir".

Parlament üzvü qeyd edib ki, sərt karantin tədbirləri insanların sağlamlığını təmin etmək üçün həyata keçirilir:

"Ən mühüm məsələ ictimai qınaqdır. İnsanlarımız öz məsuliyyətini dərk etməli və sosial məsafəni qorumaqla yanaşı qoruyucu vasitələrdən istifadə etməlidir. Artıq "xəstəliyə inanmamaq"  bəhanəsi çox geridə qalıb. Mümkün qədər ehtiyatlı davranmalı, Operativ Qərargahın bütün zəruri tələblərinə qeyd-şərtsiz riayət etməliyik. Yalnız bu yolla, həmrəylik nümayiş etdirərək cəmiyyətimizin sağlamlığını təmin edə biləcəyik".