“Cəmiyyətdə fərdi və ictimai məsuliyyət yoxdur”

“İnsan həm öz, həm də ətrafının sağlığına biganədir "


"Elə həssas məqamlar var ki, orda ictimai qınaq vətəndaşların üstünə getməkdir. Bu, onlarda daha da qıcıq və aqressiya doğura bilər.  Maska taxmayan insanlara qarşı ictimai qınaq mexanizminin tətbiqi də o məqamlardandır". 
Bu sözləri “Sherg.az”a Qadın və Uşaq Akademiyası İctimai Birliyinin təsisçisi Sevinc Fədai deyib. 
Onun fikrincə pandemiyanın başlanğıc dövrü olsaydı və ictimai qınaq vasitəsiylə vətəndaşların daha da məsuliyyətli olmasına çalışılsaydı, bəlkə də, bu üsul işə yarayardı. Ancaq indi gecdir:

 "İş axarından çıxıb. Ən son təcrübədən keçiriləcək üsul cərimələnmə idi, ancaq biz bu yola vətəndaşları cərimələməklə başladıq. Üstəlik, cəmiyyətin psixoloji baxımdan gərgin və iqtisadi durumunun yaxşı olmadığı bir vaxtda. Bu, sərt karantin dövründə – insanların evə qapandığı, istədiyi kimi gəzib-dolaşa, istirahət edə bilmədiyi, iş həyatının dayandığı bir zamanda onları daha da aqressivləşdirdi. Həmçinin, cəmiyyətin əksər hissəsində koronavirus infeksiyasının mövcudluğuna inamsızlıq var idi və belə deyim, onlar özlərini var olmayan bir şeyin cəzasını çəkmiş kimi hiss edirdilər. Bu da, təbii ki, xoş deyildi və aqressivləşən insanlar qayda-qanuna qarşı daha da biganə yanaşdılar".



Birlik rəhbərinin sözlərinə görə, pandemiya dövrü Azərbaycan cəmiyyətini müşahidə etmək, fərd olaraq özümüzə baxış üçün bir fürsət oldu. Bu müşahidələr əsasında gördüyümüz həm də o oldu ki, bizim cəmiyyətdə fərdi və ictimai məsuliyyət yoxdur, insan həm öz, həm də ətrafının sağlığına biganədir: " İkincisi, dövlətin qanunlarına sayğı arzuolunan səviyyədə deyil, qanunvericiliyin ədalətinə, cəmiyyətin qanunla idarəsinə inam tam deyil. Ölkədə hüququ pozulanlarla bağlı ədalət bərqərar olmayıb, qaydaları pozanlar həmişə cəzasını almayıb, buna şahidlik edən insan bu gün özü qaydaları pozur. Üçüncüsü, vətəndaşların psixoloji sağlamlığı və durumu göz özünə gətirilmir, nəzərə alınmır. Azərbaycan insanının indiki psixoloji vəziyyətində ona qarşı ictimai qınaq heç bir effekt verməyəcək. Onu da nəzərə alaq ki, bizdə ictimai qınağın üslubu doğru seçilmir. Məsələn, sosial məsafə saxlamayan və ya ictimai nəqliyyatda maska taxmayan adamın şəkli çəkilib ya lağa qoyulur, ya da təhqir edilir. Bu da onu daha da islahedilməz edir. Halbuki, həmin vətəndaşın özünə doğru yanaşma üsulunu seçib, bunu ona izah etmək və müsbət nəticəsini görmək olar".

Sevinc xanım hesab edir ki, dövlət vətəndaşını qorumaq istəyirsə, onu sevdiyini, düşündüyünü, qayğısına qaldığını göstərməli, sübut etməlidir:

"Vətəndaş bunu hiss etməlidir. O zaman heç cəriməyə də ehtiyac olmayacaq. Həmçinin, dünyamızın, ölkəmizin salamat, sakit zamanında bütün bu mənəvi və ictimai məsələlər barədə düşünməliyik. Çünki belə çətin və həssas bir vaxtda məsuliyyətsiz vətəndaşı qorxutmaqla məsuliyyətli vətəndaşa çevirmək mümkün deyil. Bu, bir növ təlim-tərbiyə məsələsidir ki, 1-2 ayda nəticə əldə etmək olmur. Zamanında insanın özünə, cəmiyyətinə, dövlətinə, qayda-qanuna sayğı aşılamaq lazımdır. Bu da Operativ Qərargahın “immunitetiniz aşağı düşürsə, evdə idman edin” deməklə olmur. Sistemli və düşünülmüş şəkildə plan-proqram, sistem qurmaq lazımdır. Hazırda isə yaxşı olar ki, koronavirus testi ilə yanaşı, insanların psixoloji sağlamlığını da testdən keçirib, vəziyyətdən xəbərdar olsunlar. Qaydaları tətbiq edərkən də bunu nəzərə alsın və adekvat qərarlar çıxarsınlar".