Yaranmış su qıtlığı sıxıntılı karantin günlərində bizə pis sürpriz oldu - Partiya sədri 

"Son günlər müşahidə olunan su qıtlığı pandemiya-karantin şəraitində ölkəmizi ən çox təhdid edən məsələlərdən biridir".

Bü sözləri "Sherg.az"a Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, Azərbaycanın aparıcı su qovşaqları, bol su mənbələri sayılan Kür və Araz çaylarında qurumanın baş verməsi bizə pis sürpriz oldu:

'Bu çayların su resurslarının birdən-birə niyə tükənməsinin səbəbləri barədə uzun müzakirə açmaq, təhlillər aparmaq və müxtəlif versiyalar irəli sürmək istəmirəm. Çünki ekspertlərimiz onsuz da bu barədə kifayət qədər danışıblar. Bu gün əsas məsələ bu və ya digər səbəblər üzündən yaranmış su qıtlığını necə aradan qaldırmağın yollarını axtarıb tapmaq olmalıdır. Bəli, bütün diqqətimizi məhz buna yönəltməliyik. Hesab edirəm ki, məsələnin həlli üçün ilk növbədə fövqəladə komissiya yaradılmalıdır. Sözügedən komissiya təcrübəli mütəxəssislərdən və əlaqədar qurumların rəsmilərindən təşkil olunmalıdır. Bu komissiya təcili surətdə problemin səbəblərini müəyyən etməli və həlli yollarını göstərməlidir. Aidiyyatı dövlət qurumları yubanmadan fövqəladə komissiyanın təklif etdiyi həll yollarının icrasına başlamalıdırlar".

Ə.Hüseynovun sözlərinə görə, əks təqdirdə, yaranmış su qıtlığı isti yay günlərinə təsadüf edən sıxıntılı karantin şəraitində paytaxtda və bölgələrdə sanitar-epidemioloji vəziyyətin pisləşməsinə səbəb ola bilər:

"Quraqlıq və susuzluq cürbəcür yoluxucu xəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Eyni zamanda kənd təsərrüfatımız üçün, fermerlərimiz üçün, eləcə də adi vətəndaşlarımız üçün ciddi problemlər yaranar. Odur ki, su siyasətimizə diqqəti artırmalı və yeni yanaşma ortaya qoymalıyıq".