İki aya Ermənistanda vəziyyət ciddi dəyişəcək: Xarici qüvvələr də bundan istifadə edəcəklər


"Koronavirus pandemiyası istisnasız olaraq bütün ölkələri imtahana çəkib. Daxili siyasəti, iqtisadiyyatı güclü olanlar bu sınaqdan uğurla çıxacaqlar. Pandəmiyadan sonrakı dövr həmin dövlətlərin olacaq".
 
 Bu sözləri koronavirus pandemiyasının dünyada yaratdığı vəziyyətlə bağlı "Sherg.az"a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. Onun fikrincə, dövlətlərin gözəgörünməz düşmənlə necə mübarizə aparmaları onların hazırlıqlarından asılıdır:

"Dediyim kimi, koronavirus hər bir dövlət üçün zərbə oldu. Amma müxtəlif dərəcələrdə. Məsələn Azərbaycan vaxtında atılan addımlar sayəsində sınaqdan minimum ziyanla çıxmağı bacarır. Bildiyiniz kimi, indi Avropa ölkələrində karantin rejimi yumşaldılır. Ölkəmizdə isə sərt qaydalar hələ də davam edir. Bu, bir daha göstərir ki, Azərbaycan üçün insan sağlamlığı iqtisadi inkişafdan qat- qat vacibdir. Lakin Cənubi Qafqazdakı digər ölkələrdən biri- Ermənistan barədə eyni sözləri demək olmaz".

 Politoloq düşünür ki, Ermənistandakı vəziyyət bu ölkədəki dövlətçiliyin sonunu gətirə bilər:

"Onlar qabaqlayıcı addımlar atmaqdan ötrü insanların narazılıqlarını, ayağa qalxmalarını gözlədilər. Yəni çox gecikdilər. Nəticədə bu gün Ermənistanda yoluxanların sayı gündə 1000 nəfərə çatır. Ölənlərin sayı Azərbaycandakından 1,5-2 dəfə çoxdur. Çünki Ermənistan ilk günlərdən etibarən yaranan situasiyanı ciddi qəbul etmədi. ÜST- ün, həmçinin Rusiya, ABŞ, Çin, Fransa  kimi ölkələrin köməyinə ümid etdi. Ancaq indi hər birinin başı özünə qarışıb. Ermənistan onların yadına da düşmür. Nəzərə almaq lazımdır ki, bu ölkədə heç birinci dalğa pik həddə çatmayıb. Hələ bunun ikinci dalğası da var. Ona görə də Ermənistanın bu xəstəlikdən yaxa qurtara bilməyəcəyini əminliklə demək mümkündür"

Politoloqun sözlərinə görə, Ermənistan çıxılmaz duruma düşməsinə təsir edən başqa məqamlar da var:

"Bunlardan ən başlıcası, Paşinyan hökumətinin insanlara münasibətidir. Paşinyan insanlara yalnız hakimiyyətdə qalmaq naminə bir vasitə kimi baxır. Onun əhalini düşünmək fikri yoxdur. İkincisi, qonşularla, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycanla münasibətlər bu dövlətin tədric olunması ilə nəticələnib. Üstəgəl, Paşinyanın özünə müxalif olan qüvvələri həbsə atdırması, onlar haqqında sərt cəzalar tətbiq etməsi narazılığı daha da artırır. Düşünürəm ki, uzağı, iki aya Ermənistanda vəziyyət ciddi dəyişəcək. Əlbəttə, xarici qüvvələr də bundan istifadə edəcəklər".