Politoloq: "Biz də Türkiyəni qanuni şəkildə Qarabağ probleminin həlli üçün ölkəmizə dəvət etməliyik"  

"Dağlıq Qarabağ probleminin həlli Liviyada baş verən proseslərdən keçir".

Bunu "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müşaviri Azər Qasımov deyib.

Politoloq bildirib ki, Liviyanın BMT tərəfindən tanınmış Ümummilli Barışıq Hökuməti Türkiyəni ölkələrinə rəsmən dəvət etdi:

"Artıq Liviyada problem kökündən həll olmaq üzrədir. Hesab edirəm ki, biz də Türkiyəni qanuni şəkildə Qarabağ probleminin həlli üçün ölkəmizə dəvət etməliyik. Türkiyə NATO-dan kənar qardaş ölkə kimi bizim ərazimizdə həm baza qurmalı, həm də məsləhətçilərini ordumuza göndərməlidir. Siyasi addımlar atmalı, danışıqlar aparmalı, hərbi - texniki dəstək verilməlidir. Türkiyənin bu barədə təcrübəsi çox böyükdür. O zaman dünya birliyinin, Rusiya daxil heç bir hüquqi əsası olmayacaq ki, bu işə qarışsın. Liviyada olduğu kimi heç kim tərəfindən tanınmayan üsyançı bir qurumu məhv etmək əməliyyatı keçirəcəyimizi dünyaya elan edəcəyik. Heç kim separatçılara dəstək verə bilməyəcək. Proses ölü nöqtədən tərpənəcək. Hətta müharibə olmasa belə dünya birliyi bizim və Türkiyənin qərarlılığını görüb problemi həll etməyə başlayacaq. Əgər bütün bunlar reallaşmasa, o halda qısa zamanda hərbi əməliyyat keçirib məsələni bitirməliyik".