Ajiotaj yaradıb, əhalini təşvişə salmaq istəyirlər, lakin...

“...Operativ Qərargah sosial şəbəkələrdə informasiya manipulyasiyanın qarşısına sədd çəkir” 

“Unutmayaq ki, belə bir çətin zamanda hər birimizin ən başlıca vəzifəsi özümüzü, ətrafımızı və ölkəmizi bu virusdan qorumaqdır”



“Koronavirus bəlasının insanların sağlamlığı üçün real təhlükə və ciddi təhdid mənbəyinə çevrildiyi bir zamanda dövlət tərəfindən görülən mübarizə tədbirlərinə kölgə salmağa çalışanlar var”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, müasir dövrdə insanların xəbər almaq, eləcə də yaymaq imkanlarının kifayət qədər genişləndiyi sosial şəbəkələrdən öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edənlərə rast gəlirik: 



“Dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərə ləkə yaxmaq istəyənlərə klaviaturanın düymələrinə güc verərək həqiqəti əks etdirməyən ağ yalanları cəmiyyətə ötürürlər. Sosial şəbəkələrdə virusla bağlı ortaya atılan dezinformasiyalar qısa zamanda yayılır.

Əfsuslar olsun ki, dünyanın bir çox ölkələrində sosial mediadan maariflənmə və ya biznes məqsədi ilə istifadə olunduğu halda, ölkəmizdə bəzi vətəndaşlar sosial şəbəkələri daha çox əsası olmayan mövzuların müzakirə olunduğu qeybət ocağına çeviriblər.

Cəmiyyətdə təşviş yaratmaq məqsədi güdən şayiələrin, təxribat xarakterli məlumatların yayılması yolverilməzdir. Bu cür şayiələri yayanlar cəmiyyətdə narahatlığa, stresə və həyəcana səbəb olurlar. Məncə, həmin şəxslər qanun çərçivəsində layiqli cavablarını almalıdır. Çünki söhbət əhali arasında təşviş yaratmaqdan və Azərbaycanın nüfuzuna xələl gətirməkdən gedir”.

Parlament üzvü vurğulayıb ki, Operativ Qərargahın məlumatlarının gün ərzində bir neçə dəfə ictimaiyyətə çatdırılması sosial şəbəkələrdə informasiya manipulyasiyanın qarşısına sədd çəkir: 

“Problem odur ki, bəzi vətəndaşlar sosial şəbəkələrdə yayılan yanlış xəbərlərə üstünlük verirlər. Ölkəmizlə bağlı ajiotaj yaradan xəbərləri yayanlar, informasiya ilə manipulyasiya edənlər ciddi nəzarətə alınmalıdır. Eyni zamanda cəmiyyətin hər bir üzvü onlara qarşı ən sərt və kəskin qınaq nümayiş etdirməlidir. Unutmayaq ki, belə bir çətin zamanda hər birimizin ən başlıca vəzifəsi özümüzü, ətrafımızı və ölkəmizi bu virusdan qorumaqdır”.