Yeni strateji plan ! - ”Erməni lobbisini hər platformada məğlub etməliyik”

“Ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıyıq” 


“Dağlıq Qarabağ problemi dövlətin prioritet məsələsi olduğu kimi hər bir azərbaycanlının da ağrısıdır. Ona görə də hamımız “qarabağlı” olmalıyıq”.
Bu fikirləri “Sherg.az”a Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. 
Birlik rəhbəri vurğulayıb ki, işğal faktorunun aradan qaldırılması, erməni yalanlarının ifşa olunması üçün əlimizdən gələni etməliyik: 

“Ermənilər məqsədli şəkildə Dağlıq Qarabağdakı qondarma qurumu “Arsax” adı ilə siyasi, hüquqi və elmi sahələrdə tanıtmaq uğrunda mübarizə aparırlar. Bu adda qida məhsulları, suvenirlər, poçt markaları, geyimlər və s. istehsal edib xarici bazarlara çıxarmağa cəhdlər edirlər. Qarabağdan turizm bölgəsi olaraq öz məqsədləri üçün yararlanırlar. Məsələn, “globespots.com” saytında “Arsax” Top 10-luqda 6-cı yerdədir. Nə qədər qeyri-qanuni sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir və xarici ölkələrdən qonaqlar dəvət edirlər. Keçirilən tədbir və görüşlər xarici mediada işıqlandırılır və qondarma rejimin “hesabatları” yayılır.



Parlalel olaraq, ermənilər öz separatçı təbliğatlarını sosial şəbəkələrdə, xüsusən “Twitter”də daha çox qururlar. Diqqət çəkən məqam odur ki, ermənilər ötən ildən bu istiqamətdə daha aktiv və kütləvi şəkildə fəaliyyət göstərir.

Bunun da səbəbi odur ki, irqçi, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin keçmiş meri Zareh Sinanyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən diaspor işləri üzrə müvəkkil təyin edilib. Sinanyan dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib və qondarma “DQR”-dan olan nümayəndələri Kaliforniyada qəbul edib. O, hətta Qlendeyl şəhərində küçələrdən birinə “Arsax” adının verilməsinə də nail olub”. 

F.Hüseynzadə vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır: 

“Buna görə də başqa taktika seçərək qondarma rejimin təbliğatını gücləndirməyə çalışırlar. Erməni lobbisi planlı şəkildə hazırlıq görür. Dövlətimiz bunun qarşısını almaq üçün ardıcıl siyasət həyata keçirir. Diaspor olaraq yeni strateji plan qurulmalı və erməni lobbisini hər platformada məğlub etməliyik. Ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıyıq”.