“Koronavirus media cameəsinə də ayaq açıb”

“Bu gün  30 nəfər jurnalistin koronavirusa yoluxması faktı öz təsdiqini tapır. 3 nəfər isə dünyasını dəyişib”

“Bu intensivlik  vəziyyətin kifayət qədər ağır olduğunun göstəricisidir”  


"May ayında karantin rejiminin  yumşaldılması   bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma sayının ciddi  şəkildə  artması ilə nəticələndi. Hazırda isə ölkəmizdə pandemiya ilə bağlı artım dinamikası pik həddə çatıb. Buna rəğmən hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir". 

Bu sözləri “Sherg.az”a açıqlamasında  Jurnalistlərin Həmkarlar İttifaqının  (JuHİ) sədri  Müşfiq Ələsgərli deyib. 
İlk növbədə jurnalistlər arasında “COVİD-19”a yoluxma və ölüm sayı ilə bağlı statistikanı xatırladan JuHİ sədri qeyd edib ki, ilk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər yox idi, bu gün isə  durum pisləşib: 

" Mayın 16-da açıqlama yaymışdıq ki, koronavirusa yoluxan şəxslər arasında bir nəfər belə jurnalist yoxdur. Çox təəssüflər olsun ki,  infeksiya media cameəsinə də ayaq açıb. İyunun 30-da açıqlanan nəticələrdə  artıq 18 həmkarımızın adı virusa yoluxan şəxslərin siyahısında yer alırdı. 1 nəfər də pandemiyadan dünyasını dəyişmişdi. Ortadan cəmi 7 gün vaxt keçib.  Bu gün  30 nəfər jurnalistin koronavirusa yoluxması faktı öz təsdiqini tapır. 3 nəfər isə dünyasını dəyişib. Bu intensivlik  vəziyyətin kifayət qədər ağır olduğunun göstəricisidir."  

İyunun 20-dən etibarən karantin rejiminin sərtləşdirilməsinə rəğmən yoluxma sayının 500 nəfərdən aşağı  düşmədiyini vurğulayan M. Ələsgərli deyib ki, indi təsəvvür edin qaydalar yenidən sərtləşdirilməsə idi, bəlkə də gündəlik yoluxma sayı 1500-2000-nin üzərində  olardı: 

"Vətəndaşlarımız səbrli olmalı, pandemiyaya qarşı müabrizədə dövlətin atdığı addımların heçə getməməsi üçün karantin qaydalarına riayət etməlidir. Elə bir mərhələyə gəlib çatmışıq ki, artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Əgər insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq. Əhalinin dana çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunacağına ümid edirik". 

Dünyada COVİD-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyətinin çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirdiyini vurğulayan M. Ələsgərli hesab edir ki, artıq vətəndaşlar da öz məsuliyyətini dərk etməli və bu mübarizəyə qoşulub pandemiyaya qarşı savaşda dövlətə dəstək olmalıdır: 

"Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi.  Hesab edirəm ki, hazırda vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi davam etməli. Dünyada koronavirusun yayılmasında ikinci dalğanı yaşayan ölkələrin nümunələri öyrənilib, media  vasitəsiylə cəmiyyətə çatdırılmalıdır".