Biz hara gedirik?

“Vor zakonlar”ın təbliğ olunması çox yanlışdır

Sosial psixologiyada da əsaslandırılıb ki, əhalinin 80 faizi kimisə yamsılamağa meyilli olur


Bakının Suraxanı rayonunda kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınan 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib. Mərhum əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb. Onun bir neçə il əvvəl İstanbulda güllələnmiş qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. Kriminal avtoritetin ölümü və dəfnində yaşananlar günlərdir əksər saytların, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Lənkəranskinin qətlində olduğu kimi yenə bir çox sayt reytinq xətrinə “vor zakon” cinayətini gündəmdə saxlamağa, hadisənin təfərrüatını “araşdırmağa” davam edir. Bəzi saytların məqsədi daha çox auditoriya toplamaq olsa da, ekspertlər bu tipli xəbərlərin durmadan tirajlanmasının cəmiyyət üçün, xüsusən gənc nəsil üçün təhlükəli olduğu qənaətindədir. Sosioloqların fikrincə, uşaqları qəhrəmanlıq ruhunda, sağlam düşüncəli qanunsevər vətəndaş kimi böyütmək lazımdır.


Yeniyetmə və gənclərin özlərinə kriminal avtoritetləri “ideal” seçməsinin bir səbəbi “vor zakon”ların internet platformalarında “qəhrəman” kimi təqdim olunmasıdır. Xüsusən, yutub kanalında kriminal avtoritetlər haqqında saysız-hesabsız videomaterillar var. Bəlkə, hardasa bir azyaşlı cinayət törədərək həbsxanaya düşmək və “vor zakon” olmaq arzusu ilə yaşayır. Lakin o da həqiqətdir ki, bu gün “qanuni oğru”lara rəğbət bəsləyənlər, onlara “xilaskar” gözü ilə baxanlar arasında kifayət qədər orta və yaşlı nəslin nümayəndələri də var. 



Mövcud təhlükəni “Şərq”ə dəyərləndirən sosioloq-alim, professor Əhməd Qəşəmoğlu qaldırılan məsələnin çox mühüm olduğunu deyib. Professor bildirib ki, “qanuni oğru”ların təbliğ olunması çox yanlışdır:

“Kriminal aləmin üzvləri haqqında filmlər çəkilir, kitablar yazılır, mahnılar bəstələnir, meyxanalar deyilir. Az qala bestseller səviyyəsində kitablar ortaya çıxır. Belə məsələlərdə olduqca diqqətli olmalıyıq. Yeniyetmələri, gəncləri kriminal aləmə meyl etdirməyə vəsilə olan vasitələrin, ədəbiyyatın yayılmasına imkan verməməliyik”. 

Alimin sözlərinə görə, yeniyetmə və gənc nəslin psixologiyasında bir məqam var. Onlar hər zaman nümunəvi bir model axtarışında olurlar: “Bu, bütün cəmiyyətlərin qanunauyğunluğudur, təkcə bizə xas durum deyil.

Tanınmış psixoloq Ziqmund Freyd “Kütlənin psixologiyası və mən” kitabında göstərir ki, əksər insan hərəkətlərini təkrarlamaq üçün başqasının axtarışında olur. Sosial psixologiyada da əsaslandırılıb ki, əhalinin 80 faizi kimisə yamsılamağa meyilli olur. Sadəcə, 15-20 faiz özünə müstəqil yol axtarır, iz qoyur.

Azərbaycanda “qanuni oğru”ların kifayət qədər təbliğ edilməsi gənc nəslə mənfi impuls verir və kriminal avtoritetlərə rəğbət formalaşdırır. Bunun əsas səbəblərindən biri cəmiyyətdə ahəngdarlığın itməsi, nizam-intizamın pozulması, dəyərlərdə xaotik vəziyyət yaranması və belə ortamda ədalətsiz yanaşmaların meydana çıxmasıdır.

İnsanlar məmurlar tərəfindən incidiləndə, haqları tapdalananda qeyri-ixtiyari qanundan kənar ünsürlərə meyillənirlər. Tarixdə qaçaqların bir çoxu məhz bu amillərə görə qəhrəmanlıq dərəcəsinə yüksəliblər. Sovet dövründə demək olar ki, “vor zakon”lara rəğbət bəsləyən, onlardan kömək umanlar yox idi. Bu məqamlar da nəzərə alınmalıdır”.