Koronavirusdan xilasın iki yolu var

"Biz artıq real təhlükənin içindəyik. Ona görə də virusun mənbəyini, yayılma səbəbini axtarmırıq. Hazırda bu məsələyə sərf edəcək zamanımız yoxdur"

"Ya virus mutasiyaya uğrayıb tamamilə yoxa çıxacaq, ya da bədəndə adaptasiya olunaraq bir növ daxildə lövbər salacaq"


Koronavirus Çinin Uhan əyalətində ötən qış peyda olmamışdan xeyli əvvəl “yatmış” vəziyyətdə olub və təbii amillər nəticəsində ortaya çıxıb. Bunu Oksford Tibbi Faktlar Mərkəzinin mütəxəssisi Tom Cefferson iddia edib. Alim əminliklə bildirib ki, virus bir neçə il ərzində müxtəlif ölkələrdə mövcud olub. Onun fikrincə, hələ 2018-ci ilin əvvəllərində İspaniyanın Barselona şəhərində, çirkab sularda COVİD-19-a rast gəlinib. Cefferson bənzər nəticələrin İtaliyada da göründüyünü ifadə edib: “Düşünürəm ki, virus hər yerdə olub. Tamamilə mümkündür ki, biz yatmış virusla əhatə olunmuşuq və virus kənar müdaxilə nəticəsində aktivləşib”. Tibb aliminin sözləri müzakirələrə səbəb olub. 

Ceffersonun iddiaları ilə bağlı “Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, indiki koronavirus SARS-ın bir formasıdır. Həkimin sözlərinə görə, “COVİD-19”-un laboratoriyadan, yaxud yarasadan insanlara yoluxması ilə bağlı müxtəlif iddialar mövcuddur:



“Laboratoriyadan çıxma iddiası üzərində daha çox dayanılır. Amma məsələ ondadır ki, biz artıq real təhlükənin içindəyik. Ona görə də virusun mənbəyini, yayılma səbəbini axtarmırıq. Hazırda bu məsələyə sərf edəcək zamanımız yoxdur. Əsas məsələ pandemiyanın yayılması ilə mübarizə aparmaq və yoluxmanın qarşısını almaqdır. Tibb dünyasını düşündürən budur”. 

A.Qeybulla hesab edir ki, insanların koronavirusdan xilasının iki yolu var:

“Ya virus mutasiyaya uğrayıb tamamilə yoxa çıxacaq, ya da bədəndə adaptasiya olunaraq bir növ daxildə lövbər salacaq. Geniş yayılmış herpes virusu, sitomeqalovirus kimi bədənimizdə qalacaq. Məsələn, herpes əksəriyyətimizin bədənində var. Soyuqdəymə olanda, qorxanda dodağımızın uçuqlaması bununla bağlıdır. Koronavirus da bu şəkildə bədənimizdə lövbər sala, yaxud mutasiyaya uğrayıb yoxa çıxa bilər”.