"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri

“Qrup mənafeyi, fərdi istəklər milli varlığımızı, insanların həyatını təhdid edən hərəkətlərə gətirib çıxarmamalıdır”

“Bu gün hər birimizin dözümünün, müdrikliyinin və milli maraqlarımıza sadiqliyinin sınağa çəkildiyi bir gündür”

“Hamınıza müraciət edir, dövlətimizin, vətəndaşımızın və bir-birimizin yanında olmağa çağırıram”



“Dünən Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli yeni hospitalın açılışı olub.  Ölkə Prezidenti cənab İlham Əliyev və birinci vitse – prezident xanım Mehriban Əliyeva xəstəxanaya baxış keçiriblər. 800 nəfərə xidməti və müalicə prosedurlarını həyata keçirməyə imkan verən, hər cür yeni avadanlıq və laboratoriya ilə təchiz olunmuş bu müalicə müəssisəsi qısa müddətdə istifadəyə verilməyə hazırlanıb”.

Bu sözləri “Sherg.az”a koronavirus pandemiyası ilə mübarizədə ölkəmizin gördüyü tədbirlərlə bağlı danışarkən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin sabiq sədr müavini Bahar Muradova deyib.  

B. Muradovanın fikrincə, karantin qaydalarına əməl etməyənlər buna görə ciddi məsuliyyət daşımalıdırlar: 

“Bu xəbər Azərbaycanın dövlət qurumlarının fövqəladə vəziyyətlərə hazırlıq prosesini qısa müddətdə və yüksək səviyyədə icra etməyə qadir olduqlarını, ən başlıcası isə vətəndaşlarımızın sağlamlığını hər şeydən üstün tutan Azərbaycan dövlətinin imkanlarını və ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətin insan amilinə yönəlik prioritetlərini sübut edir.

Sanitar-epidemioloji vəziyyətin təmin edilməsi məsələsi gündəmin bir nömrəli vəzifəsi kimi qarşımızdadır. Hər keçən gün artan yoluxma və ölüm halları dünyada heç kəsin, hətta ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən tam sığortalanmadığını sübut etməkdədir. Virusun meydana çıxdığı vaxtdan keçən müddət ərzində bütün dünyanı bir–birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, o cümlədən, turizm, nəqliyyat strukturu ciddi şəkildə ziyan çəkmədə, o cümlədən insanlıq dəyərləri sınağa çəkilməkdədir.

Dövlətimiz bütün önləyici tədbirləri görməklə ən müxtəlif fəsadların zərərsizləşdirilməsinə, əsas resurslarını isə başlıca – insan resursunun qorunmasına yönəltməkdədir. Hazırda digər ölkələrdə və eləcə də Azərbaycanda gedən proseslərin təhlili və bir sıra arzuolunmaz nəticələr, görülən bütün tədbirlərin müsbət dəyişikliklərdən, effektiv idarəetmə və səmərəli əlaqələndirmədən keçdiyini göstərir.

Eyni zamanda vətəndaş məsuliyyətinin dərk olunmasından və insanların davranışından daha çox asılı olduğunu sübut etməkdədir. Sərtləşdirilmiş karantin rejiminin tətbiqi aydındır ki, bir sıra məhdudiyyətləri ilə insanlara iqtisadi, sosial və psixoloji diskomfort yaratmaqla, ciddi mənəvi sarsıntılara yol açır. Vətəndaş öhdəliklərini yerinə yetirmək bəzi soydaşlarımız üçün mümkünsüz görünür. Elə bu səbəbdən də rejimin qaydaları ilə bir araya sığmayan, məqsədli halda ictimai asayişi təhlükə altına alan, inzibati və cinayət məsuliyyəti yaradan hüquqpozmalar baş verir. 

Komitə sədri,  həmçinin bildirib ki, biz sosial məsuliyyətimizdən irəli gələn addımları atmalı, həmrəylik nümunəsi göstərməliyik: 

“Çox yanlış olaraq bəzi insanlar öz təhlükəsizliyinə laqeyd və biganə yanaşmaları ilə bütövlükdə toplumun həyatını zərbə altında qoyduqlarının fərqinə varmır və yaxud da qaydalara açıq etinasızlıqla hamımızın qanuni mənafeyinə qəsdən zərbə vurmaq yolunu seçmiş kimi görünməkdən çəkinmirlər. Mənə görə belə davranış ilk növbədə öz doğmalarını və yaxınlarını itirən ailələrimizə, onların ağrısına qarşı etinasızlıqdır.

Hazırda minlərlə vətəndaşımızın virusla mübarizədə məruz qaldıqları çətinlik və məhrumiyyətlərinə biganəlik və eləcə də bu virusun həyatına son qoyduğu həmvətənlərimizin acı qismətinə, taleyinə münasibətdə sərgilədikləri laqeydlikdir.

Heç bir halda belə olmamalıdır. İndiki halda nə siyasi, nə iqtisadi, nə də korporativ maraqlar güdülməlidir. Qrup mənafeyi, fərdi istəklər heç bir halda milli varlığımızı, insanların həyatını təhdid edən hərəkətlərə gətirib çıxarmamalıdır. Belə halların baş verməsi min illərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və birgəyaşayış qaydalarımıza da uyğun deyil.

Biz hamılıqla doğmasına diqqət, uşaqlara qayğı, yaşlılarımıza hörmət, dərd və ağrılarımıza sayğıyla yanaşmış, müqəddəs ailə kultumuza hər zaman sadiq olmuşuq. Elliklə gələn hər bəlanı birlikdə dəf etməyə çalışmışıq. Ən çətin şəraitdən belə ümid və nikbinliklə çıxmağı bacarmış, bir-birimizə mərhəmət və sevgini qəlbimizdən əskik etməmiş, özünü qorumaqla hamıya, başqasını düşünməklə kollektiv təhlükəsizliyimizə xidmət etmişik. Əziz həmvətənlər, bu gün hər birimizin dözümünün, müdrikliyinin və milli maraqlarımıza sadiqliyinin sınağa çəkildiyi bir gündür. Hamınıza müraciət edir, dövlətimizin, vətəndaşımızın və bir-birimizin yanında olmağa çağırıram. Tanrı bizə yar olsun!”.