Dünya eyni gəmidədir: “Bu, insanlıq üçün bir sınaqdır”

“O dövlətlər və adamlar bu prosesdən salamat çıxacaq ki, qaydalara çətin də olsa, əməl edəcək”


“Sosial izolyasiya elə bir məsələdir ki, o indi bizə hər şeydən çox vacibdir. Unutmayaq ki, artıq bu virus evimizin içinə yol alır”.

Bunu  “Sherg.az”a sosial izolyasiya qaydalarına əməl edilməsi haqqında danışarkən tanınmış jurnalist  Jalə Mütəllimova deyib. O, insanları məsuliyyətli və ehtiyatlı olmağa çağırıb: 

“Yaxından tanıdığımız insanlar yoluxur, dünyasını dəyişir.  Bu, həm də dövlətlərdən, super güclərdən asılı olmayan problemdir. Bu, insanlıq üçün bir sınaqdır. O dövlətlər və adamlar bu prosesdən salamat çıxacaq ki, qaydalara çətin də olsa, əməl edəcək. Hər kəsə eynilik prinsipi ilə münasibət göstəriləcək. İnsanlara bu mahiyyəti onların inandıqları simalar, KİV üzərindən izah edəcəklər. Ancaq bugünkü mənzərədə həm də onun  şahidi oluruq ki, insanlar mövzunu lazımi qədər ciddiyə almır, məsuliyyətsizlik edirlər.

Söhbət təkcə sıravi vətəndaşdan getmir. Həm də ictimai yükü olan simalardan gedir. Dünən DİN-in məşhur otellərdən birində apardığı əməliyyatda bu özünü çox qabarıq göstərdi. Belə əməllərə yol vermək olmaz.

İnsanlar umu-küsüləri, siyasi ambisiyaları, tələbləri, qazanmaq həvəsini bir yana qoymalıdırlar. Hamılıqla bir olub, bu durumdan çıxmasaq, həm də dövlət olaraq siyasi gələcəyimizə təhlükə yaranacaq.

Odur ki, hər kəsi dövlətinin yanında olmağa, məsuliyyətli davranmağa çağırıram. Sosial izolyasiyanın qaydalarına əməl etmək labüddür. Təkcə Azərbaycan yox, bütün dünya eyni gəmidədir”.