Görüləcək işlər çoxdur! - “Diaspor və səfirliklərimiz çevik işləməlidirlər”

“Bu işlərə öncədən başlamalıyıq ki, hərbi əməliyyatlar getdiyi vaxtda beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etsinlər”



“Müasir dövrün savaşları sadəcə səngərdə getmir, bütün müstəvilərdə mübarizə aparmalıyıq”. 
Bunu “Sherg.az”a açıqlamasında Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. 
QHT rəhbəri bildirib ki, lobbiçilik fəaliyyəti çox aktiv rola malikdir:

“İndiki məqamqa siyasi proseslər, xarici dövlətlərin yanaşması da mütləq diqqətə alınmalıdır. Hətta başlayacaq müharibə üçün də əvvəlcədən siyasi zəmin hazırlanmalıdır. Müharibə başlayacağı təqdirdə düşmən lobbisi, ermənipərəst qurumlar kütləvi şəkildə Azərbaycana qarşı “hücuma” keçəcəklər. İlk növbədə buna hazır olmalıyıq.

Azərbaycanın haqlı tərəf olduğunu, öz torpaqlarımızda anti-terror əməliyyatı keçirdiyimizi təbliğ etməli və isbatlamalıyıq. Diaspora qurumlarının üzərinə böyük yük düşür. Nəzərə alaq ki, müharibə şəraitində bütün dövlət strukturlarının diqqəti hərbi əməliyyatlara yönələcək və ölkədə fövqəladə hal olacaq. Müharibə aparmaq elə də asan deyil. Müasir dövrün savaşları sadəcə səngərdə getmir, bütün müstəvilərdə mübarizəyə qoşulmalıyıq. Hamı səfərbər edilməlidir.

Görüləcək işlər çoxdur. Diasporamız və səfirliklərimiz çevik və mobil işləməlidir. Xarici ölkələrin parlamentləri, deputatları, mediası, bloggerləri ilə sıx əməkdaşlıq etməli, sosial şəbəkələrdə aktiv olmalıyıq. Mətbuat orqanları dünyaya çıxışımızı genişləndirməlidir. İctimai rəyi formalaşdırmağı bacaran şəxslərlə iş aparmaq lazımdır. Hələlik bunları müşahidə etmirik.

Müxtəlif ölkələrdə diasporamız bölünmüş vəziyyətdədir və aralarında şəxsi intriqalar var. “Söyüş müxalifəti”nə dönən xaricdəki azərbaycanlılar erməni xüsusi xidmət orqanlarının təsiri altında ölkəmizə qarşı fəaliyyət sərgiləyir, beynəlxalq imicimizi ləkələyirlər”.

Ə.Şahidov beynəlxalq təşkilatlarda Azərbaycanın lobbiçiliyini aparan əcnəbi şəxslərlə yaxın əlaqələr qurulmasının da zəruri olduğunu söyləyib: 

“Nəzərə alaq ki, ölkəmizlə bağlı xarici vətəndaşın təbliğat aparması azərbaycanlının mübarizəsindən daha təsirlidir. Bu işlərin hamısına öncədən başlamalıyıq ki, hərbi əməliyyatlar getdiyi vaxtda beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etsinlər”.