Humanist qərar: “Məhbusların şərti azadlığa buraxılması davamlı prosesdir”

“Pandemiyadan əvvəl də xeyli sayda məhbus müntəzəm olaraq şərti azadlığa buraxılırdı”

“Biz bundan sonra da belə humanist siyasətin şahidi olacağıq”




Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə keçirilən videokonfransda məlumat verilib.
Tədbirdə dövlət başçısının əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb.



Təşəbbüsü dəyərləndirən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Sherg.az”açıqlamasında bunu dövlətin humanist siyasətinə uyğun atılan addım kimi qiymətləndirib: 

“Bu istiqamətdə xüsusi komissiya fəaliyyət göstərir. Komissiya üzvləri müntəzəm olaraq araşdırmalar aparır və müəyyən kriteriyalara əsasən xeyli sayda məhbusu şərti azadlığa buraxırlar. Rəy verilərkən məhbusun törətdiyi əməl, onun çəkdiyi cəzanının müddəti və məhbusluq dövründə özünü necə aparması nəzərə alınır. Təbii ki, cəza müddəti az qalanlar, daxili nizamnamə qaydalarına əməl edənlər şərti azadlığa buraxırlar. Yəni bu ənənə əvvəllər də var idi. Sadəcə indi daha intensivləşib. Onu da deyim ki, bu, dövlət başçısının 10 fevral 2017-ci il tarixli “Cəza sisteminin humanistləşdirilməsi” Sərəncamı ilə üst-üstə düşür. Pandemiya dövründəki intensivləşmənin səbəbi isə sıxlığı azaltmaqdır”. 
 
 S. Məmmədov, həmçinin bildirib ki, məhbusların şərti olaraq azadlığa buraxılması prosesi gələcəkdə də davam edəcək: “Bu, davamlı prosesdir. Dediyim kimi, pandemiyadan əvvəl də xeyli sayda məhbus müntəzəm olaraq şərti azadlığa buraxılırdı. Biz bundan sonra da belə humanist siyasətin şahidi olacağıq”.