“İqtisadiyyatımızın bir çox sahələrində artım var”


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı mühüm məqamlara toxunub. Ölkə başçısı bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.
Prezident qeyd edib ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur:

“Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və pandemiya ölkəmizdə  iqtisadi vəziyyətə mənfi təsir göstərib. Pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə edib. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb. Amma bəzi sahələrdə inkişaf müşahidə olunur. Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım var. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, 6 ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb”.



Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, 2019-cu il Azərbaycan iqtisadiyyatı üçün böyük dəyişikliklər ili olaraq yadda qalıb. Bu, yalnız onunla əlaqəli deyil ki, sosial sahədə böyük artımlar oldu, əmək haqqı və pensiyalar 2 dəfə artırıldı:

“Ümumiyyətlə, keçən il Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilməklə, iqtisadiyyatın idarə edilməsi mexanizminə tamamilə yeni formatda yanaşıldı. Nəticədə iqtisadiyyatımızda müəyyən dəyişikliklər edildi. Həmçinin əldə olunan gəlirlərin həcmində böyük artımlar oldu”.

P.Heydərov vurğulayıb ki, mart ayından etibarən pandemiya ilə əlaqədar olaraq iqtisadiyyatımız böyük böhranla üz-üzə qalıb:

“Neftin qiyməti aşağı düşdü və ölkə iqtisadiyyatı ciddi təzyiq altında qaldı. Eyni zamanda vətəndaşların sağlamlığının qoruması üçün həyata keçirilən tədbirlə əlaqədar bir çox sahələr məcburən dayandırıldı. Kiçik və orta sahibkarların fəaliyyəti karantinlə bağlı olaraq təxirə salındı. Bu da dövlət büdcəsinin gəlirlərini azaltdı, iqtisadi aktivliyi aşağı saldı və faktiki olaraq iqtisadiyyatımızda çətin durum yarandı. Ölkə iqtisadiyyatı bu günə qədər bir neçə böhran görüb. Bunlardan sonuncusu 2015-ci ildəki böhran idi. Neftin dünya bazarında qiyməti aşağı düşməklə Azərbaycanda iki dəfə devalvasiya baş verdi”.

İqtisadçı qeyd edib ki, ölkədə pandemiya olmasına baxmayaraq, iqtisadiyyatımızın bir çox sahələrində artım var:

“Kənd təsərrüfatı sahəsində, qeyri-neft sektorunda vəziyyət böhranlı deyil. Belə bir durumda kənd təsərrüfatında artımın olması mühüm göstəricidir. Bütün bunlar onu göstərir ki, pandemiya zamanı baş verən böhranda iqtisadiyyatımız əvvəlki illərdən fərqli olaraq daxili və xarici təzyiqlərə müqavimət göstərmək gücündədir. Cari ilin sonuna qədər dövlət büdcəsində heç bir qorxulu məqam gözlənilmir Eyni zamanda valyuta bazarında manatın məzənnəsinə ciddi təhlükə törədə biləcək fövqaladə çaxnaşma da yoxdur”.