HƏKİM:"Ən çox yoluxma halları liftlərdə qeydə alınır"

Daha 33 tibb işçisi koronavirusa yoluxub. Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında onlardan altısı sağalaraq evə yazılıb:
“Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.
G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:
“İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.

Tibb işçilərinin digər insanlardan heç bir fərqi olmadığını deyən tibb elmləri doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında bildirib ki, onlar da asanlıqla virusa yoluxa bilərlər:

“Hər zaman deyərdilər ki, “həkim xəstələnməz”. Sanki, həkimləri və digər tibb işçilərini ali qüvvə sayırdılar. Amma bu gün pandemiya dövründə tibb işçiləri əsas risk qrupundadır. Çünki onlar birmənalı olaraq virusa yoluxanlarla təmasda olub xəstələrin sağalması üçün fəaliyyət göstərirlər. Həkimlərin bir çoxu stasionar şəraitində olan xəstələrlə əlaqədə olur. Əlbəttə, təcili yardım həkimləri də virusa yoluxmuş xəstələrlə kontakt qururlar. Onlar da hər zaman ön cəbhədədir. Təbii ki, təcili yardım həkimlərinin də virusa yoluxma halları baş verir”. 

Həkim qeyd edib ki, stasionar şəraitdə olan xəstələrlə ünsiyyət quran həkimlər qoruyucu paltarda olduqları üçün onların virusa yoluxma ehtimalı aşağıdır:

“Xəstənin yanından çıxarkən isə xüsusi geyimlərini soyunurlar. Bu paltarların çıxarılma qaydası ardıcıllıqladır. Təbii ki, stasionar şəraitdəki xəstəni müalicə edən həkimlər də virusa yoluxa bilərlər. Amma bu tibb işçilərinin koronavirusa yoluxması o qədər də çox olmur. Həkim daimi əziyyət çəkir, neçə saat hava keçirməyən paltarda olur. Belə tibb işçiləri xəstəxanada deyil, əsasən küçədə yoluxa bilər. Poliklinika həkimləri də bütün tibbi və qoruyucu avadanlıqlarla təchiz olunub. Amma klinikada çalışan həkimlərin virusa yoluxması daha çox ehtimal olunur. Yaxud evə buraxılan xəstəyə baş çəkməyə gedən həkim də virusa yoluxa bilər. Ən çox yoluxma halları liftlərdə qeydə alınır. Bilmirik ki, bizdən öncə liftdən kimlər istifadə edib”.