“Özümüzü və ətrafımızdakıları qorumağımız vacibdir”

Ölkəmiz koronavirus infeksiyası ilə mübarizədə bütün təbdirləri həyata keçirir. Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması əsas məqsədlərdən biridir.
Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var.

Onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, məsuliyyətli davranış nümayiş etdirmək,  birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə dövlətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. 

Millət vəkili Sadiq Qurbanov “Sherg.az”a açıqlamasında bildirib ki, ilk dövrlərdə cənab Prezidentin təşəbbüsü ilə görülən işlər virusa yoluxanların çoxalmasının qarşısını aldı. Deputatın sözlərinə görə, pandemiya insanlıq üçün böyük faciədir. Amma dövlətimiz güclü olmaq meyarını ortaya qoydu:
“Hər kəs ölkəmizin pandemiyaya qarşı ciddi tədbirlər gördüyünün şahidi oldu. Amma may ayından etibarən yumuşalmalar başladı və əhalidə məsuliyyətsizlik, yanlış anlaşılmalar baş verdi. Nəticədə əvvəllər 20-30 yoluxma müşahidə olunurdusa, artıq yoluxmalar 500-ü keçib. Ölüm sayının artması onu deməyə əsas verir ki, qaydaların sərtləşməsinə ehtiyac var”.

Parlamentari vurğulayıb ki, vətəndaşlar əsasən 3 komponentə ciddi fikir verməlidir: maska taxmaq, sosial məsafəni qorumaq və gigiyenik qaydalara əməl etmək:

“Təəssüf ki, vətəndaşlarda biganəlik var. Dəfələrlə deyilməyinə baxmayaraq, əhali məsuliyyətsizlik edir. Hər kəsin orqanizmi fərqlidir. Elə insanlar var ki, onlar virusa tez yoluxa bilərlər. Ona görə də özümüzü və ətrafımızdakıları qorumağımız vacib nüansdır”. 

Millət vəkili qeyd edib ki, insanların maarifləndirilməsi böyük əhəmiyyətə malikdir:

“Müxtəlif ölkələrin pandemiya ilə mübarizə tədbirləri fərqli oldu. Amma cəmiyyətimiz 19-cu əsrdəki kimi deyil. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi mübarizə apararaq insanları cəhalətdən azad etməyin yollarını axtarırdılar. Amma bu gün təhsilimiz yüksək səviyyədədir. Vətəndaşlarımız sosial şəbəkələrdə aktivdirlər. Onlar dünyada gedən prosesləri izləyə bilirlər. Lakin pandemiyaya dair biganəlik göstərirlər. Fikrimcə, dövlətin nəzərdə tutduğu tədbirlərin mahiyyəti insanları qorumaqdır. Ölkəmizin ən böyük missiyası vətəndaşlarımızın sağlam olmasıdır. Ona görə də atılan addımlar, karantin rejiminin sərtləşdirilməsi tamamilə məqsədəuyğundur”.