İqtidar müxalifətə yol açır

Fazil Mustafa: "Siyasi müxalifət haqqında qanunun qəbulu təklifi tərəfimizdən irəli sürüldü"

Asim Mollazadə: "Görüşlərin mütəmadi keçirilməsi ilə bağlı razılaşma da əldə olundu"

Tahir Kərimli: "Yəqin ki, digər partiyalarla da görüşlər olacaq"



İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya sədrlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib. Videokonfrans olduqca aktual bir mövzuya - “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilib. Pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri sayılan partiyaların fəaliyyəti müzakirə olunub.

Parlament sədri Sahibə Qafarova bildirib ki, Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar nəticəsində ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaradılıb. Spiker vurğulayıb ki, parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir. Onun sözlərinə görə, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir. 

Dövlətin siyasi partiyalarla iş aparması və əməkdaşlıq etməsi keyfiyyətcə yeni mərhələyə yüksəlib. 
Görüş iştirakçıları da hesab edirlər ki, partiyaların roluna önəm verilməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına təkan verəcək. 

Videokonfransda iştirak etmiş Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, bu, Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin təşəbbüsü ilə keçirilən ikinci görüş idi. Deputat xatırladıb ki, ilk görüş mart ayında keçirilib və həmin görüşdə siyasi partiyaların parlament müstəvisində fəaliyyətinin ətraflı müzakirəsi aparılıb: “İkinci görüşdə parlamentdə təmsil olunan 9 partiyanın hamısı iştirak etdi və daha çox pandemiya təhlükəsi ilə bağlı müzakirələr aparıldı. Hər kəs fərqli mövzularda fikirlərini çatdırdı. Əsasən, pandemiya dövründə siyasi partiyaların fəaliyyəti, beynəlxalq arenada görülən işlər, sosial şəbəkələrdə aktivlik və başqa məsələlər müzakirə olundu. Tədbirin mötəbərliyi həm də onda idi ki, parlament sədri hörmətli Sahibə Qafarova görüşdə axıra qədər iştirak etdi və öz fikirlərini, təkliflərini çatdırdı. Bildiyiniz kimi siyasi təşkilatlar arasında votsap qrupu formalaşdırılıb. Qrupda ümumi fəaliyyətlə bağlı məlumatlar paylaşılır və partiyalararası fikir mübadiləsi aparılır. Belə görüşlərin böyük əhəmiyyəti var. Ədalət Vəliyevin də çıxışında dövlətin partiyalara münasibəti, dialoq mühitinin irəli aparılması üçün çalışmaların intensivləşməsi məsələləri xüsusi qeyd olundu. Hətta vurğulandı ki, Azərbaycanda sonuncu dəfə partiyalar 2011-ci ildə qeydiyyatdan keçib. Amma təkcə 2020-ci ildə 7 siyasi təşkilat dövlət qeydiyyatına alınıb. Bu da çox müsbət addımdır. Həm də dövlətin partiyalara münasibətinin dəyişməsinin göstəricisidir. Siyasi partiyaların parlament müstəvisində, komitə sədrliyində təmsilçiliyi göstərir ki, dövlətlə müxalifət partiyaları arasında olan məsafə xeyli qısalıb”. 

F.Mustafanın sözlərinə görə, artıq dövlətlə siyasi təşkilatlar arasında normal, sivil münasibətlər formalaşır:

“Müzakirələr zamanı təkliflər səsləndi. Siyasi partiyalar haqqında qanunun qəbul olunması və müəyyən dəyişikliyin nəzərdə tutulması qeyd olundu. Siyasi müxalifət haqqında qanunun qəbulu təklifi tərəfimizdən irəli sürüldü. Ümid edirəm, təkliflərimiz nəzərə alınacaq. Bütövlükdə faydalı və partiyaların, eyni zamanda dövlətin maraqlarına xidmət edən bir görüş olduğunu söyləyə bilərik”. 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də “Şərq”ə deyib ki, görüşün məqsədi ölkədə gedən islahatlara dəstək vermək və çoxpartiyalı sistemin formalaşmasına yardımçı olmaq idi:

“Görüşdə siyasi partiyaların Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, dövlət maraqları, xalqın rifahı və başqa məsələlərdə həmrəy olmasının vacibliyi vurğulandı. Biz də hesab edirik ki, pandemiya əhalinin sosial vəziyyətinə, iqtisadi durumuna ağır təzyiq göstərdiyi üçün bütün siyasi qüvvələr birləşməli və dövlətin maraqlarını müdafiə etməlidir. Bu cür görüşlərin mütəmadi keçirilməsi ilə bağlı razılaşma da əldə olundu”. 

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bəyan edib ki, görüşün sonunda yekdilliklə qətnamə qəbul edilib. Qətnamədə dövlət başçısının siyasəti və pandemiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin gördüyü tədbirlər təqdir edilib:

“Birmənalı şəkildə Prezidentin xarici və daxili siyasətini müdafiə etdik. Qərara gəldik ki, iqtidar-müxalifət görüşləri davamlı olsun və dialoq şəraitində müzakirələr davam etdirilsin. Yəqin ki, digər partiyalarla da görüşlər olacaq. Ümumən, partiyaların yeni konfiqurasiyası şəraitində əməkdaşlıq münasibətlərinin genişləndirilməsi çox mühümdür. Artıq Milli Məclisdə müxalifət partiyaları sədrin müavini, komitə sədri və komitə sədrinin müavinləri səviyyəsində təmsil olunurlar. Bu, Azərbaycan iqtidarının müxalifətə verdiyi dəyərdir. Fikrimcə, görüş çox faydalı oldu və qarşılıqlı hörmət şəraitində keçdi”.