Rəsmi Bakı Ermənistanın “faydalı düşmən” ittihamına cavab verdi

“Prezident İlham Əliyev yerli KİV-in suallarını cavablandıraraq, nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətin beynəlxalq tanınmış ərazilərini zəbt edərək, bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə aydın şəkildə və konkret faktlarla ifşa edib”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi isə Azərbaycanı bu ölkəni “faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir.

L.Abdullayeva qeyd edir ki, Ermənistanın 30 ilə yaxındır Azərbaycanın ərazilərini hərbi işğal altında saxlayır.

“Ermənistan bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə artıq düşmən obrazını çoxdandır ki, qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi.

Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxış edən Ermənistan beləliklə də “əhalilərin sülhə hazırlanması” çağırışını ciddi şübhə altına qoyur”, - deyə L.Abdullayeva açıqlamasında bildirib.

O qeyd edib ki, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb və bundan sonra da alacaq:

“Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, yalnız işğalçı qüvvələrin məlum BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.

Azərbaycan Xarici İşlər Nazirliyi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib və münaqişənin tezliklə həll olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycanın olduğu kimi adlandırılmasında qətiyyətli mövqe nümayiş etdirmələrini tələb edib.

Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir və prinsipial xarakter daşıyır”.